Rəşad Sadıqovun qarşısına qoyduğu məqsəd: "Bunu zaman göstərəcək"
Azərbaycan milli komandasının heyətində ən çox oyun (111) keçirmiş futbolçu, hazırda "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov yenicə start götürmüş DÇ-2022 ilə bağlı mediasport.az saytının suallarını cavablandırıb.
Dünya Kuboku start götürdü, yarış ilk dəfədir ki, fərqli fəsildə-fərqli mövsümdə keçirilir. Sizcə, bunun futbola-futbolçulara-komandalara və.s. ümumilikdə nə kimi mənfi, müsbət tərəfləri ola bilər?
- Turnirin noyabrda, mövsümün ortasında baş tutması Dünya çempionatına əlavə bir maraq qatır. Düşünürəm ki bu, komandaların, futbolçuların performansı baxımından daha effektiv olmaqlarına şərait yaradacaq. Çünki mövsüm yeni başlayıb, futbolçular yorğun deyil. Futbolçuların ideal formada olması üçün hər bir şərait var. Bu amillər komandaların daha keyfiyyətli çıxış etmələrinə səbəb olacaq.
Necə düşünürsüz, Dünya çempionatı daxili çempionatlarda yaranmış fasilədən sonra mövsümün qalan hissəsində klublara necə təsir edəcək?
- Əvvəlcədən proqnoz vermək çətindir. Bəzən görürsən ki, bu kimi pauzaların faydası olur, bəzən görürsən ki, əksinə. Çalışdıq ki, fasilədən maksimum, səmərəli istifadə edək. Əsas vaxtı zəif tərəflərimizin üzərində işləyib onları gücləndirməyə sərf etdik. Nə dərəcədə effekli olacağını qarşıdakı turlar göstərəcək.
Mundialda hansı komandaya azarkeşlik edirsiz?
- Mən bu çempionatda Argentinaya azarkeşlik edəcəm. Futbolçu seçimim isə Messidən yanadır, onun bu yarışda uğurlu olub, çempionluq titulunu qazanmasını istəyirəm.
İlk izlədiyiniz DÇ hansı olub - bununla bağlı yaddaşınızda qalan maraqlı xatirə varsa, danışardız.
- Baxdığım ilk Dünya çempionatı 1994-cü ildə olub. Ən yadda qalan hadisə Roberto Bacconun penaltini qaçırması idi. O zaman çox istəyirdim İtaliya çempion olsun. Xüsusilə Roberto Bacconun finalda oynaması sual altında idi. Zədələnmişdi və kiçik bir əməliyyat da keçirmişdi. Amma zədəyə baxmayaraq, o, həlledici oyunda iştirak elədi. Komandanın finala çıxmasında böyük pay sahibi olmuşdu. Onun penaltini qaçırması və komandasının məğlub olması çox üzücü idi. Bu günə qədər də o epizodu, penaltini unutmamışam, sanki dünən olub...
- Sizcə, bu dəfə əsas favoritlər hansı komandalardı, ümumiyyətlə, hansı milli sürpriz edə bilər?
- Hansısa komandanın sürpriz edə biləcəyi barədə proqnoz vermək çox çətindir. Son illərdə dünya və Avropa çempionatlarında baxırsan ki, gözlənilmədən hansısa komanda 1/4 finala, yarımfinala qədər gedir və yaxud uğurlu çıxışı ilə futbol ictimaiyyətini təəccübləndirir. Bu mənada proqnoz vermək mümkün deyil. Həm də bir çox komandanın son durumunu, performansını, hazırlıq vəziyyətlərini, Dünya çempionatına getdikləri yolda göstərdikləri çıxışları yaxşı izləməmişəm. Amma favoritə gəlincə, məncə, Braziliyanın şansı daha çoxdur. Fransanın çoxsaylı itkilərini nəzərə alsaq, demək olar ki, amerikalılar əsas favoritdir.
Futbolçu kimi DÇ-nin final mərhələsində iştirak etmək qismət olmadı. Bunu nə vaxtsa baş məşqçi kimi reallaşdıra bilərsiz?
- Dünya və Avropa çempionatlatı kimi böyük turnirlərdə iştirak eləmək uşaqlıq yaşlarından arzumuz, xəyalımız idi. Amma bir məşqçi kimi bu cür böyük turnirlərdə iştirak etməyi özümə, qarşıma məqsəd qoymuşam. Alınacaq, alınmayacaq - qismət olacaq, ya yox - bunu zaman göstərəcək.
Sevinc Məmmədova