Şahdağda Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub
“Şahdağ” Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub.
Mediasport.az xəbər verir ki, yarışın sonuncu günündə vertikal növ üzrə üç yaş kateqoriyasında 11 ölkədən 60-dək idmançı mübarizə aparıb.
İki gün davam edən turnirdə Azərbaycan təmsilçisi Nəzrin Qəribova yığmanın aktivinə iki medal yazdırıb. U-23 kateqoriyasında çıxış edən idmançı sprint yürüşü üzrə gümüş, vertikal növ üzrə bürünc medala yiyələnib.
Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif ediliblər. Onlara müxtəlif hədiyyələr təqdim olunub.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idmanına marağı və mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini artırmaqdır.