"Qarabağ" daha çox qol vura bilərdi, yaxşı şansları var idi" - Pyer Saj

"Qarabağ" daha çox qol vura bilərdi, yaxşı şansları var idi" - Pyer Saj

Fransanın "Olimpik" (Lion) klubu UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində Bakıda "Qarabağ"ı məğlub edib - 4:1.

Mediasport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Pyer Saj görüşdən sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini bölüşüb.

Hesabın ədalətli olmadığını etiraf edən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:


"Qarabağ"ın oyunu haqda fikirləriniz necədir?

- İlk hissədə çoxlu təhlükəli epizodlar yaratdılar. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq.

Sizcə, hesab oyuna görə oldu?

- Xeyr.

Bakıdakı atmosfer, stadion haqda nə deyərdiniz?

- Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi.

Hesabın oyuna görə olmadığını dediniz. Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?

- Bəli, düz anlamısız. "Qarabağ" daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.