"Səbail"də yeni əməkdaşlıq
Bu gün "ASCO Arena"da "Səbail Peşəkar Futbol Klubu" ilə "Məlhəm Beynəlxalq Hospital" arasında əməkdaşlıq müqaviləsinin imzalanması tədbiri keçirilib.
Mediasport.az xəbər verir ki, klubun və hospitalın əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə müqaviləni "Səbail PFK"nın icraçı direktoru Firuz Qarayev və "Məlhəm Beynəlxalq Hospital"ın icraçı direktoru Sevda Əlizadə imzalayıb. Müqavilənin müddəalarına əsasən, "Məlhəm Beynəlxalq Hospital" 2024/2025-ci illər ərzində kluba tibbi xidmət göstərəcək.
“Məlhəm Beynəlxalq Hospital” 115 nəfər həkim, 335 nəfər orta tibb işçiləri olmaqla, 450 nəfər peşəkar heyət müasir tibbi avadanlıqlarla beynəlxalq tibbi standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərir. Xəstəxana 120 çarpayılıq olmaqla, 28 500 kv. metr sahəsi olan 5 mərtəbəli binada yerləşir.
Hospitaldakı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hospitalda müasir xüsusi havalandırma sistemi tətbiq olunmuşdur və pnevmatik ötürücü sistem quraşdırılmışdır. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən hospital həm ölkəmizin bütün bölgələrindən olan insanlara, həm də Azərbaycanda yaşayan xarici vətəndaşlara xidmət göstərir. Pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və onlayn xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid çağrı mərkəzi tərəfindən cavablandırılır, hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət yetirir.