"Yaxşı oynadıq, çoxlu qol epizodları yaratdıq, 3 xalı "Səbail" qazandı"
“Səbail”lə matçda biz yaxşı oynasaq da, çoxsaylı qol epizodlarını yaradan komandamız olsa da, 3 xalı rəqib qazandı.
Mediasport.az xəbər verir ki, bu sözləri klub saytna açıqlamasında "Araz-Naxçıvan"ın yarımmüdafəçisi Tural Bayramlı deyib.
O, komandanın vəziyyəti, Premyer Liqanın 8-ci turu çərçivəsində qarşılaşacaqları “Zirə” haqqında düşüncələrini bölüşüb:
"Futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar. "Səbail"lə oyundakı nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub, “Zirə” ilə matça konsentrasiya olmuşuq. Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdirirk. Uşaqlar həvəslə hazırlaşır, əhval-ruhiyyə də yaxşıdır. Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq. “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb".
Bayramlı rəqibin turnir cədvəlinə başçılıq etməsinin onlar üçün narahatlıq yaratmadığını bildirib: “Biz meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər”.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" görüşü oktyabrın 1-i saat 18:30-da start götürəcək.