Şəhid övladları üçün təşkil edilmiş yay düşərgəsi başa çatdı
Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı Mineral Sular” MMC tərəfindən Qəbələdə şəhid övladları üçün təşkil edilmiş yay düşərgəsi başa çatıb.
Mediasport.az xəbər verir ki, “Ümumdünya Uşaqlar Günü”nə həsr olunmuş düşərgə iyun ayının 1-i 5-i aralığında keçirilib.
8-12 yaşı əhatə edən 30 şəhid övladı aktiv istirahət-əyləncə tədbirlərində iştirak edib.
Tədbirlər çərçivəsində onlar Qəbələnin müxtəlif görməli yerlərində gəzib, əyləncəli və interaktiv oyunlarda iştirak edib, Qəbələ şəhər stadionunda futbol oynayıblar.
Əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının yadigarlarının xoş vaxt keçirməsinə, onların istirahət etməsinə, özləri üçün yeni məkanlar kəşf etməsinə nail olmaq olan düşərgə əsnasında uşaqlar Qəbələ şəhərinin ən gözəl məkanlarından olan Nohur gölə səfər edərək istirahət ediblər.
Bununla yanaşı, "Qəbələnd" əyləncə mərkəzinin bütün imkanlarından yararlanaraq xatirə video və fotoları çəkdirən şəhid övladlarına düşərgənin ikinci günündə “Metadesk” “startup”ının təsisçisi, Prezident mükafatçısı, adı Forbes 30-a düşən Günay İmanzadə “Komanda quruculuğu”, psixoloq, Dünya Yaddaş Federasiyasının Azərbaycan nümayəndəsi Mirşahin Əlizadə isə “Yaddaş texnikarı” təlimi keçib.
Növbəti günlərdə uşaqlar "Qəbələ" İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla, dünyada tanınmış "Wilderness cooking" yutub kanalının sahibi Təvəkkül Aslanovla görüşüb, onlara suallar verib, təcrübələrini öyrəniblər.
İldə yalnız bir ay fəaliyyət göstərən Lavanda tarlalarına da baş çəkmək imkanı qazanan balacalar buranı böyük maraqla qarşılayıb, fotolar çəkdirib, əyləniblər.