"Yenidən başlamaq lazım olsa, vaxt aparacaq" - Vitali Borisov
"Uşaqlar çox yaxşı oynadılar. Matç bizim nəzarətimiz altında keçdi. Rumıniya müdafiədən oynayırdı. Bütün oyunu öndə idik. Sadəcə təcrübəmiz çatmadı. Rumıniya say üstünlüyü ilə daha yaxşı oynayır. Komandada 80 faiz yeni oyunçularımız var. Oyunçulardan çox razı qaldım".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis DÇ-2024-ün elit-raundunun Rumıniya yığmas ilə görüşü haqda fikirlərini bölüşüb, 5:5 hesabı ilə başa çatan matç haqqında bunları deyib:
"Komandadan, oyunumuzdan razı qaldım. Əsasən də gənclərdən. Təcrübəli qapıçımız Rövşən Hüseynlinin oyununa gəlincə, bəlkə birinci qolu xilas edə bilərdi. Amma 5-in 4-ə oynayanda bir oyunçu artıq olur. Rövşəndən də razı qaldım. Rəqib say üstünlüyü çox olanda, çətindir. Rövşənin səhvini görmədim. Amma analizə baxacam. Nəsə olsa, danışacağıq onunla".
Braziliyalılarla bağlı milliləşdirmə problemi var. Bu prosses davam etsə, bizi çətin dövr gözləyir? Çünki onlarsız çox çətin görünür...
Bizdə də braziliyalılar oynayırdı. Edu qırmızı vərəqəyə görə bu gün oynaya bilmədi, bir-iki nəfər zədəli idi. Kimin sənədinin düz olub-olmamasını rəhbərlik bilir. Yenidən başlamaq lazım olsa, vaxt aparacaq. Gənclərimiz azdır. Proses əlbəttə vaxt aparmalıdır.
Elvin