"Bu oyun qrupda bizim üçün finala bərabər görüş olacaq" - BORİSOV

"Bu oyun qrupda bizim üçün finala bərabər görüş olacaq" - BORİSOV

Sabah DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlandla qarşılaşacaq futzal millimiz bu gün oyunöncəsi son məşqinə çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Vitali Borisov komandanın son vəziyyətilə bağlı federasiyanın rəsmi saytına danışıb.

"Komanda Rumıniyadan döndükdən sonra məşqlərini hər gün Bakı İdman Sarayında davam etdirir. Heyətdə cəzalı və ya zədəli futzalçı yoxdur. Bu bizim üçün müsbət məqamdır. Psixoloji baxımdan da oyunçularla söhbət etmişik, artıq ilk oyunu unutmalı, Niderlandla matça köklənməliyik. Rumıniya ilə matçla müqayisədə heyətə ciddi dəyişiklik etməyəcəyik. Sadəcə, İsa Atayevun əvəzinə Manekanı komandaya dəvət etmişik. Bu dəyişiklik sırf məşqçilər korpusunun qərarıdır.

Rəqibə gəldikdə, Qazaxıstanla oyunlarını izləmişik. Onlar da bu görüşə ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, sentyabrın 17-dən Bakıdadırlar. Baş məşqçiləri də tanış simadır. Migel vaxtilə millimizin məşqçisi olub, onunla həm də Rusiya klubunda oynayan zaman işbirliyimiz olub. Çətin və bizim üçün əsas oyun olacaq. Bu matçda xal itirmək olmaz. Bir növ, qrupda bizim üçün finala bərabər görüş olacaq. Azarkeşlərin dəstəyi ilə 3 xal qazanacağımıza inanıram".

Qeyd edək ki, futzalçılarımız qrupun ilk görüşünü səfərdə Rumıniya yığmasına məğlub olublar - 1:3. Qazaxıstanla matçımız noyabrda keçiriləcək.