"Yəqin ki, baş məşqçi məni tanımadığı, oyunumu görmədiyi üçün yığmaya dəvət etməmişdi"
"Oyuna çox yaxşı başladıq. Artıq 2-3 dəqiqəyə iki qol vurub işimizi bir qədər asanlaşdırdıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığma komandasının yeni üzvü Maneka deyib.
Milliləşdirilmiş braziliyalı yığmanın heyətində DÇ-nin elit-raundu çərçivəsində Niderland seçməsinə qarşı matçda debütü haqda danışıb:
"Daha sonra rahat oynadıq. Rəqibi əks-hücumlarda tutub daha bir neçə qol vurmaqla vəzifəmizin öhdəsindən gəldik. Bundan sonra daha sakit oynayıb qol buraxmamağa çalışırdıq".
Cənubi amerikalı yığmamızın heyətində debüt oyununda vurduğu qolu şərh edib, Qazaxıstan yığması ilə gələn ay baş tutacaq qarşılaşma haqda düşüncələrini bölüşüb: "Sevinirəm ki, Azərbaycan yığmasının heyətində çıxdığım ilk görüşdə qol vurub etimadı doğrultdum. Buna görə şadam. Çalışacam ki, daha çox qol vurub komandaya daha çox kömək edim. Qazaxıstanla oyuna gəlincə, fikrimcə, bu, tamam başqa matç olacaq. Qazaxıstan futzalda çox güclü komandalardan biridir, səviyyə baxımından Niderlanddan üstündürlər. Çətin olacaq, lakin çalışacağıq ki, onlarla görüşə də Niderlandla dueldəki kimi başlayaq".
Müdafiəçi Rumıniya yığmasına 1:3 hesabı ilə məğlub olduğumuz matçda heyətdə olmaması haqda bunları qeyd edib: "Yəqin ki, baş məşqçi məni tanımadığı, oyunumu görmədiyi üçün dəvət etməmişdi. Eduardo, Felipe və digər komanda yoldaşlarım Vitali Borisova məni məsləhət görüblər ki, istəyirsiz, çağırıb yoxlayın, komandaya kömək edə bilər. Sağ olsun, baş məşqçi məni dəvət edib güvəndi, şans verdi. Ümid edirəm ki, qarşıdakı oyunlarda da heyətdə olub bacardığımı edəcəm".
Qeyd edək ki, Azərbaycan yığması DÇ-2024-ün elit-raundunun seçmə mərhələsi çərçivəsində qrupda 3-cü görüşünü gələn ay Astanada Qazaxıstan seçməsinə qarşı keçirəcək.