Zubirlə Elvin 100-ə çatdı
Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb. Abdullah Zubir və Elvin Bədəlov Azərbaycan çempionatında 100-cü matçını keçirib.
mediasport.az xəbər verir ki, 2018-ci ilin yayında “Qarabağ”a keçən yarımmüdafiəçi bu oyunda sonradan meydana çıxıb.
Premyer Liqada 5-ci mövsümünü keçirən Zubir yalnız Ağdam klubunun formasını geyinib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.
Elvinin Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.
“Azərsun Arena”dakı matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.