Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb
Mayın 17-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb.
mediasport.az xəbər verir ki, tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova, AGF-in İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, federasiyanın baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.
Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib. Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.
Bakı 2007, 2009, 2014 və 2019-cu illərdə bədii gimnastika üzrə qitə birinciliyinə ev sahibliyi edib.