"Daha yuxarı pillələrə qalxacağımıza ümidimiz var"
"Qarşıma qoyulan məqsəd komandanı 1-ci Liqada saxlamaqdır. Bacardığımız qədər irəliyə doğru addımlamalıyıq. Doğrudur, yuxarı pillələrdə qərarlaşmaq çətin olacaq, amma əlimizdən gələni etməyə hazırıq, etməliyik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında 1-ci Liqa təmsilçisi "Difai Ağsu"nun baş məşqçisi Elgiz Kərəmli deyib.
Gənc çalışdırıcı qış "transfer pəncərəsi"ndə komandada köklü dəyişikliklərin məcburi olduğunu və səbəblərini izah edib:
"Komandanı gücləndirmək lazım idi. Əvvəlki heyətə baxdıqda hazırda oyunçuların sayı azdır. Buna qədər komandada 22-23 futbolçu vardı, indi 19 futbolçuya sahibik. Onlardan bəziləri zədələnəndə, xəstələnəndə bir az çətinlik yaranır. Yeni gələn futbolçulardan hələ razıyıq.
"Fədailər"in "sükançısı" heyətə yeni qoşulan oyunçuların ümidləri doğruldacağına inandığını bildirib:
"Yoldaşlıq görüşlərində özlərini yaxşı tərəfdən göstəriblər. Ümid edirik ki, çempionat oyunlarında da çıxışlarını eyni səviyyədə davam etdirəcəklər. Komandanın durumu pis deyil, ürəkaçandır. Bunu tək yoldaşlıq görüşlərinə görə demək olmur. Əsas olan eyni tempi çempionat oyunlarında davam etdirməkdir. Daha yuxarı pillələrə qalxacağımıza ümidimiz var".
Ağsu klubu yarışın turnir cədvəlində 12 oyundan sonra 4 xalla 10 komandalı liqada 9-cu pillədə qərarlaşıb.
Rövşən