"De Byazi jurnalistlərə axmaq deyirsə, axmaq elə onun özüdür"

"De Byazi jurnalistlərə axmaq deyirsə, axmaq elə onun özüdür"

"Müsahibəmdə demişdim ki, Lukakunu ciddi nəzarətdə saxlamaq lazımdır. Çünki Ronaldo ilə bombardirlik siyahısında eyni qolu var idi. Qorxduğumuz başımıza gəldi. Belçikaya məğlubiyyət həqiqətən biabırçılıq idi".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş futbolçusu Mahir Şükürov deyib.

Veteran müdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə səfər oyunu (0:5) barədə fikirlərini bölüşüb, ilk yarıda qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə buraxan Eddi İsrafilovu tənqid edib:

"Eddi İsrafilov Azərbaycan pasportu alandan yığmamıza köməyi dəyməyib. Sarı vərəqən ola-ola meydanın mərkəzində elə sürüşmə fəndi yerinə yetirərlər? Bilirsən ki, səfər oyunundasan, özü də Belçikaya qarşı. Evdə oynamırsan ki, azarkeşlərin dəstəyi ilə oynayaq. Necə ki, biz bunu etmişdik. 2013-cü ildə Rusiyaya qarşı oyunda Maksim Medvedev qırmızı vərəqə aldı. Son dəqiqələrdə mənim ötürməmdən sonra Vaqif Cavadov hesabı bərabərləşdirdi. Eddi İsrafilovkimilərinə pasport verənlər çıxıb açıqlama verməlidirlər.

Şükürov oyundan sonra mətbuat konfrasında jurnalistləri təhqir edən Canni De Byazinin hərəkətinə münasibət bildirib:

"Həmin De Byazi bir neçə il öncə xarici mətbuata bu futbolçular üçün xaraktersiz demişdi. Heç bir iddiası olmayan ölkəyə qalib gəlib, insanları aldadırlar ki, inkişaf var. De Byazi jurnalistləri axmaq adlandırırsa, axmaq elə onun özüdür. Ola bilər hansısa jurnalist onun yanında gözü kölgəlidir. Amma ölkəmizdə yetərincə savadlı qələm sahibləri var. Jurnalistlər bir olub baş məşqçinin cavabın verməldir. Deməkdən yorulmuşuq ki, De Byazi getməlidir. Hal-hazırda yerli baş məşqçilərin çoxunun klubu var. Düşünürəm ki, baş məşqçi türkiyəli mütəxəssis olsa, yığmamız üçün faydalı olacaq".