"Ən böyük arzum olimpiadaya lisenziya qazanmaq olub"
Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, idmançımız Bakıda keçiriləcək Dünya Kubokuna hazırlıq barədə danışıb.
Dünya Kubokunun gümüş medalçısı yaxşı formada olduğunu deyib:
“Dünya Kubokuna qısa müddət qaldığından məşqlərimiz daha da çətinləşir və intensivlik artır. Fiziki məşqlərlə gücümüzü artırdıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Gimnastika ilə məşğul olmağa başladığım ilk gündən ən böyük arzum bu idman növündə Olimpiya Oyunlarına lisenziya qazanmaq olub. Adımı tarixə yazmaq istəyirəm. Bakıdakı turnirə hazırlaşmaqda da əsas məqsədim məhz Olimpiadaya lisenziya əldə etməkdir. Doğma arenada çıxış etmək həm həyəcanlı, həm də məsuliyyətli hissdir. İnanıram ki, azarkeşlərin, ailəmin, dostlarımın və komandamın dəstəyi yaxşı çıxış etməyimə kömək olacaq”.
Qeyd edək ki, Dünya Kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq.