Bakıda Dünya Kuboku yarışın açılış mərasimi olub: 38 ölkə yarışacaq
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə yarışda iştirak edəcək ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının artıq yeddinci dəfə bu yarışa ev sahibliyi etdiyini bildirib.
O, beynəlxalq arenada keçirilən idman yarışlarında Azərbaycan gimnastlarının müxtəlif əyarlı medallar qazandıqlarını, etimadı layiqincə doğrultduqlarını diqqətə çatdırıb.
Həmçinin qeyd edilib ki, əldə olunan uğurlar ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə təşkilinə möhkəm zəmin yaradıb. M.Vasilevanın sözlərinə görə, üç gün davam edəcək turnirdə batut üzrə 32, tamblinq üzrə 6 ölkə təmsilçisi çıxış edəcək.
Dünya Kubokunda ümumilikdə hər iki növ üzrə 300 idmançının mübarizə aparacağını vurğulayan nazir müavini əlavə edib ki, turnir fərdi proqramda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Rəsmi çıxışdan sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər.
Tamblinq üzrə yarışda isə Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov çıxış edəcəklər.
Yarışda həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif ediləcəklər.