"İstənilən rəqiblə döyüşə tam hazıram" - Tofiq Musayev
"Hazırlıqlar yüksək səviyyədə keçirilib. Gündəlik məşqlərimiz davam edir. Hər şey qaydasındadır".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın MMA idmançısı Tofiq Musayev “Rizin” Döyüş Federasiyasının Bakıda keçiriləcək “Landmark 7” turniri ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
33 yaşlı idmançı yaponiyalı rəqibi Koji Takedanın bu sahədə ən güclü 5 idmançıdan biri olduğunu vurğulayıb: "Onun döyüşünü analiz etmişik. Hər şeyi bunun üzərində planlamışıq. İstənilən rəqiblə döyüşə tam hazıram. Neçə ildir ki, öz vətənimdə vuruşmuram. Çalışacağam, idmansevərlərə yaddaqalan, maraqlı bir döyüş göstərək. İndidən nəticə haqqında bir şey demək çətindir. Hər şey rinqdə məlum olacaq".
T. Musayev karyerasını yekunlaşdırmaq üçün hələ tez olduğunu da söyləyib: "Düzdür, yaşım az deyil. Amma mən hələ bu ölkəyə lazımam. Arenadan getməyi düşünmürəm. Son döyüşümü rizinlə başa vuracağam".
Qeyd edək ki, turnir noyabrın 4-ü start götürəcək.