Ötənlərin məşhur hücumçusu Qurban Qurbanovu unuda bilmir

Ötənlərin məşhur hücumçusu Qurban Qurbanovu unuda bilmir

Keçmiş Serbiya və Monteneqro yığma komandasının sabiq futbolçusu Mateya Kejman AVRO-2004-ün seçmə qrup mərhələsinin Azərbaycanla oyunlarını unuda bilmir.

Mediasport.az xəbər verir ki, ötənlərin məşhur forvardı yerli "Mondo" nəşrinə açıqlamasında milli komandanın seçmə mərhələlərdə çıxışından danışıb.

45 yaşlı veteran 2003-cü ildə millimizlə reallaşan görüşləri xatırlayıb.

Əsas Podqoritsada qeydə alınan 2:2 bərabərlik haqda danışan Kejman bu qarşılaşmanı unutmadığını deyib:

“Yaxşı yadımdadır, çoxları baş məşqçimiz Deyan Saviçeviçin Azərbaycan üzərində əldə etdiyimiz 2:0 hesablı üstünlüyü qoruya bilmədiyimizə görə konkret məni günahlandırdığını iddia edirdi. Lakin müəyyən narazılıq olsa da, tam da belə deyildi.

Deyan indi mənim yaxın dostumdur, onun haqqında fikirlərim də yüksəkdir. Bəlkə də bizim bütün dövrlərin ən böyük oyunçusudur. Mən o vaxt gənc idim, belə hal normaldır.

Azərbaycanla Podqoritsada oynayırdıq, yağış yağırdı. Niyəsini xatırlamıram, baş məşqçimiz məni və Predraq Miyatoviçi meydandan çıxardı. Azərbaycan bundan sonra 2 qol vuraraq evə xalla qayıtdı. Üstəlik Bakıda da bu rəqibə məğlub olduq. əsl şok idi".

Xatırladaq ki, qarşılaşmada yığmamızın hər iki qolunu Qurban Qurbanov vurub.

Podqoritsada qeydə alınan heç-heçə və Bakıdakı məğlubiyyət (1:2) Serbiya və Çernoqoriyanın Avropa çempionatının final mərhələsinə yolunu bağlamışdı.

Yerli federasiya rəhbərliyi Bakıdan qayıdan kimi baş məşqçi Deyan Saviçeviçi istefaya göndərmişdi.