Yassin Benzia Fransa mətbuatına ƏSL HƏQİQƏTLƏRİ AÇIQLADI

Yassin Benzia Fransa mətbuatına ƏSL HƏQİQƏTLƏRİ AÇIQLADI

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia Fransa mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, "Colinterview" nəşrinə danışan fransız yarımmüdafiəçi tarixi vətənin Əlcəzairin milli komandasını seçməsinə aydınlıq gətirib.

30 yaşlı futbolçu Əlcəzairin onun ürəyində xüsusi yeri olduğunu açıqlayıb:

"18-19 yaşım olanda, Fransanın Canal+ telekanalına müsahibə vermişdim. Siz başa düşməlisiniz ki, mənim bütün uğurlarım Fransanın gənclərdən ibarət komandalarında başlayıb: Dünya Çempionatı U-17, AVRO U-19...

Buna baxmayaraq, Əlcəzair həmişə mənim bir parçam olub, ürəyimdədir. Gənc olanda və Fransanın oyunlarına baxanda xoşbəxt idim. Zidanı və bütün həmin nəsli gördüm...

Lakin Əlcəzair millisinin matçını görəndə fərqli hisslər keçirdim. Stressli idim, Əlcəzairin qalib gəlməsini çox istəyirdim.

Fransa yığmasında isə hər şey fərqli idi: qalib gəlsələr, yaxşıdır, olmasa, mənim üçün fərqi yox idi. Məndən hansı ölkədə oynamaq istədiyimi soruşduqda Fransa cavabını verirdim.

Çünki həmin müsahibəni verəndə mənə əvvəlcədən məlumat göndərilmişdi. Ona görə də o zaman həqiqəti deyə bilmədim. Futbol siyasətdir, bəzən demək istəmədiyin şeyləri söyləməli olursan".

Xatırladaq ki, Benzia 2010-2015-ci illərdə Fransanın U-16, U-17, U-18, U-19 və U-21 milli komandalarında ümumilikdə 43 oyun keçirib, 26 qol vurub.

O, 2016-cı ildən dəvət aldığı Əlcəzairin əsas yığmasında 13 dəfə meydana çıxıb, 4 dəfə adını tabloya yazdırıb.