Yığmamızın üzvü Portuqaliya və ya Rumıniya klublarına keçə bilər

Yığmamızın üzvü Portuqaliya və ya Rumıniya klublarına keçə bilər

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev qışda Albaniya klubu "Eqnatia"dan ayrıla bilər.

Mediasport.az saytına verilən məlumata görə, "Qarabağ"ın yetirməsini Portuqaliya, Rumıniya, Rusiya və Ukrayna klubları transfer etmək istəyirlər.

23 yaşlı müdafiəçinin əsasən Portuqaliya və Rumıniyadan gələn təkliflərə isti yanaşdığı bildirilir.

Bu iki ölkə təmsilçiləri Albaniya klubu ilə yayda 3 illik müqavilə bağlayan Zamiqə görə "Eqnatia"ya kompensasiya ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam etdirilir.

Albaniya klubunun heyətində 12 görüşdə meydana çıxan futbolçu Azərbaycanda "Qarabağ", "Kəpəz" və "Araz-Naxçıvan"ın formasını geyinib.