"Kəpəz"in vingeri XƏBƏR göndərdi: "Bizi hesabdan silmək olmaz"
"Ötən mövsüm də komandanın heyətində çıxış etmişəm. İndi də kollektivdə yer almışam. Buna görə xoşbəxtəm".
mediasport.az xəbər verir ki, bunu "Kəpəz"in vingeri Junyor Martins deyib.
Braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində sabah evdə qarşılaşacaqları "Neftçi" ilə oyundan əvvəl fikirlərini bölüşüb.
"Sambaçı" Azərbaycan derbisindən öncə komandanın mövsümə yaxşı hazırlaşdığını bildirib:
"Çempionata hazırlığımız yaxşı keçib. Oyunlar və azarkeşlərimiz üçün darıxmışıq. Çempionatda güclü komandalar yer alıb. "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialı rəqiblər var. Digərləri də güclüdür. Amma bizi də hesabdan silmək olmaz. İlk turda "Neftçi" ilə qarşılaşacağıq. Doğma meydanda azarkeş amili üstünlüyümüzdür.
Yenidən Gəncədə çıxış edəcəyik. Burada oynamaq bizim üçün asan, rəqiblər üçün çətindir. Çünki, bizi dəstəkləməyə çoxlu azarkeş gəlir. Bu mövsümdə də fanatlarımıza güvənərək meydana çıxacağıq".