Türkiyə klubuna qalib gələn "Səbail"in baş məşqçisi: "Potensialımız var"
Yay hazırlıqlarını Türkiyədə davam etdirən "Səbail" bu ölkədə ilk yoxlama oyununu keçirib.
MediaSport.az xəbər verir ki, bayıl klubu "Ərzurumspor" üzərində 4:3 hesablı qələbə qazanıb.
“Dənizçilər”in baş məşqçisi Şahin Diniyev qarşılaşmadan sonra təlim-məşq toplanışı və görüş barədə fikirlərini bölüşüb:
- Yeni mövsümə hazırlıq normal şəkildə davam edir. Qarşımızda duran əsas vəzifə komandanın funksional hazırlığının yüksək səviyyəyə çatmasıdır. Futbolçuların hər biri bunun üçün böyük həvəs və istəklə çalışır. Bugünədək taktiki sistem üzərində işləməmişik. Oyunçular sırf yükləmə dövrünün hazırlığını keçirdi. Oyunun nəticəsi bizim üçün önəmli deyil. Sadəcə, komanda demək olar ki, yenidən yığılıb. Bu gün meydanda mübarizə aparan ilk “11-lik”də 8 yeni futbolçu var idi. Aralarında uyğunlaşma problemi olması normaldır. Buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Daha yaxşısını etmək üçün potensialımız var. Bu oyun sıralarımıza yeni qoşulan futbolçuların komandaya sürətlə uyğunlaşmaq istədiklərini göstərir. Bugünkü qarşılaşmada yorğunluq fonunda xarakter göstərdik. Düşünürəm ki, bundan sonra hər şey daha yaxşı olacaq. Həm oyun, həm də taktiki baxımdan komandanın potensialı böyükdür.