"İstəyirik ki, həmişə ideal olaq, amma ona çatmağa vaxt lazımdır"

"İstəyirik ki, həmişə ideal olaq, amma ona çatmağa vaxt lazımdır"

"1-2 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı. İstədiklərimiz reallaşsa, "transfer pəncərəsi"nin sonuna qədər bir keçid baş tutacaq".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

42 yaşlı mütəxəssis Türkiyədə keçirdikləri qış təlim-məşq toplanışından danışıb və hazırlığın hər il olduğundan çətin keçdiyini deyib:

"Əvvəlki illərdə vaxtımız olurdu, ağır məşqləri Bakıda keçirirdik. Daha sonra oyunlar üçün Türkiyəyə gəlirdik. Sırf buna görə oyunçularda rahatlıq olurdu. Oyunlar istədiyimiz tempdə keçirdi. Bu dəfə vaxtımız az olduğu üçün yükləmələr də xaricdə oldu və oyunlara yorğun çıxdıq. Bu da istər-istəməz nəticəyə təsir edəcəkdi və elədi də. Heyətləri dəyişdik, bəzi futbolçularımız zədələndi, şans verdiyimiz oyunçular da oldu. Düzdür, yoldaşlıq görüşündə nəticə ikinci plandadır, amma uduzmaq istəməzdik. Çempionatda nəticəyə oynayacağıq. Əsas odur ki, futbolçularımız oyun yükünü ələ ala bildilər".

Abbasov "Komanda mövsümün ikinci yarısına hazırdır, yoxsa çatışmazlıqlar var?" sualını belə cavablandırıb:

"Belə deyək, məşqçilər bu məsələdə həmişə tam razı olmur, çünki ən mükəmməlini istəyir. Heyətdə də itkilər olur. Məsələn, təlim-məşq toplanışında Alexandro Serranonun və Bruno Qonçalveşin zədələnməsi bizə bir az rahatsızlıq verdi. İstəyirik ki, həmişə ideal olaq, amma ona çatmağa vaxt lazımdır. Əlbəttə, hər mövqedə futbolçuların sayının çox olması bizi sevindirər. Bəzi mövqelərdə çatışmazlıqlarımız var".

Gənc çalışdırıcı Tovuz klubunun yeni transferi Aleks de Souzanın durumunu dəyərləndirib:

"De Souzanın oyununu yaydan izləyirdik. Böyük potensiala malikdir. Həm də çox gəncdir. Ona ümidlərimiz böyükdür. İnşallah, inanıram ki, bizə xeyir verəcək".

Ayxan Abbasov "Turan Tovuz"un azarkeşlərindən danışıb, onların komandaya dəstək olduqlarını vurğulayıb:

"Biz həmişə azarkeşlərimizi sevindirmək istəyirik. Əlbəttə, gələcəkdə daha iddialı olmaqla onları həm oyunumuzla, həm də qələbələrimizlə sevindirmək niyyətindəyik. Sağ olsunlar, həmişə bizim yanımızda olublar. Bundan sonra da onları sevindirməyə çalışacağıq".

O, mövsümün ikinci yarısının ilk matçı - "Kəpəz"lə oyunu haqda fikirlərini bölüşüb, "sarı-göylər"lə qarşılaşmanın ağır olacağını söyləyib:

"Rəqib yaxşı komandadır. Son oyunlarda, həqiqətən, xallar qazandıqlarını göstərdilər. Bizi çətin oyun gözləyir. Niyə? Çünki ideal formamızda olmayacağıq. Lakin komandaya və futbolçulara inanıram".

Xatırladaq ki, qış təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama matçı keçirən "boz qurdlar"  Rumıniyanın "Voluntari" (0:2), Macarıstanın "Şiofok" (0:2 və Özbəkistanın "Nasaf" (2:4) kollektivlərinə məğlub olublar.


Rövşən