DƏQİQLƏŞİB: "Kəpəz" ev oyunlarını bu rayonun stadionunda keçirəcək
Premyer Liqanın autsayderi "Kəpəz"in Gəncə şəhər stadionu yenidən tikilib istifadəyə veriləcək zamana qədər ev oyunlarını harda keçirəcəyi dəqiqləşib.
Mediasport.az saytına daxil olan məlumata görə, qərb təmsilçisi rəqiblərini Tovuzda qəbul edəcək.
"Turan Tovuz" rəhbərliyi qonşularının müraciətinə müsbət cavab verib.
Qəbələ variantı da gündəmdə olsa belə, gəncəlilər məsafə baxımından Tovuza üstünlük veriblər.
“Kəpəz” Premyer Liqanın 10-cu turunda çempionatın lideri “Zirə” ilə qarşılaşacaq. Oktyabrın 21-də keçiriləcək oyun saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Gəncə Şəhər Stadionunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayaraq 1 milyon manat ayırıb.
Söküntü işlərinə bugünlərdə başlanılacaq arenanın yenidənqurmasının 2024-cü ilin sonuna qədər tamamlanması planlaşdırılıb.
2025-ci ildə Gəncə şəhərində III MDB Oyunları keçiriləcək. Stadion o vaxta qədər tam hazır olmalıdır.