"Düşünürəm ki, bu sualınızdan sonra klublar buna xüsusi həssaslıqla yanaşacaqlar"
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Qadın Futbolu Departamentinin rəhbəri, milli komandamızın keçmiş kapitanı Əminə Həsənova Mediasport.az saytına müsahibə verib.
Əminə xanım, oxucularımıza özünüz haqda məlumat verərdiz. Fəaliyyət sahənizin adından məlumdur ki, federasiyada qadın futbolu ilə əlaqədar çalışırsız. AFFA-da tam olaraq nə iş görürsüz?
- Özüm haqda onu deyim ki, 7 yaşımdan futbol oynamağa başlamışam. Öz də oğlanlar komandasında məşğul olmuşam. Daha sonra qadınlardan ibarət U-15 milli komanda yaradıldı, məni də ora dəvət etdilər. Beləcə, Azərbaycanın şərəfini qorumağa başladım, millinin kapitanı oldum. 2012-ci ildə Bakıda keçirilən U-17 dünya çempionatına hazırlığa 2010-cu ildən başlamışdıq. Təlim-məşq toplanışlarımız olurdu, ciddi məşqlər edirdik. Bilirsiz ki, o dünya çempionatı ölkəmiz adına çox mötəbər yarış idi. Azərbaycan milli komandası da tarixində ilk dəfə idi ki, belə nüfuzlu turnirdə iştirak edirdi. O vaxtlar ölkəmizdə qadın futbolu belə inkişaf etməmişdi. Buna baxmayaraq, yığmamız mundialda çıxış etdi. Dünya çempionatı kimi bir yarışın iştirakçısı olduğum üçün qürur duyuram.
Karyeramı başa vurandan sonra federasiyada işə başladım. Hazırda, məlum olduğu kimi, Qadın Futbolu Departamentinin rəhbəri vəzifəsində çalışıram. İndiyə qədər öyrəndiklərim, bacardıqlarım əsasında Azərbaycan futboluna, qadın futboluna, qadın futbolumuzun inkişafına, daha böyük uğurlar qazanmasına xeyir vermək üçün bacardığımı edirəm.
Sizin vaxtınızdakı ilə indiki qadın futbolumuzu necə müqayisə edə bilərsiz?
- Mənim başladığım dönəmlərdə qadın futbolu yeni yeni inkişaf edirdi. O zamanlar qızların futbola cəlb edilməsində çətinliklər çox idi. Lakin hazırda belə bir problem yoxdur. Əksinə, indi qızlarımızın uğurlu çıxışları daha çox həmcinslərinin futbola gəlişinə səbəb olur. İndi şərtlər fərqlidir.
Sizcə, Azərbaycan qadın futbolunda nə baş verdi ki, milli komandamız UEFA Millətlər Liqasında birdən-birə belə irəliləyişə nail olaraq həm qrup birinciliyini təmin etdi, həm bir üst liqaya vəsiqə qazandı?
- Heç bir uğur birdən-birə olmur. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm, hazırda milli komandamızda oynayan qızların çoxu məhz 2012-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçıları olublar. Yəni, inkişafın təməli o vaxtdan qoyulub. Eyni zamanda, millimizin baş məşqçisi Siyasət Əsgərov da həmin mundial zamanı komandamızda işləyirdi. Məhz geridə qalan bu illər indi əsas milli komandamızın uğurlu çıxış etməsinin səbəblərindən biridir. Digər tərəfdən daha bir xüsusi məqam var ki, bu da milli üzvlərimizin çoxunun legioner həyatı yaşamalarıdır. Bu məqam komandanın uğurunda çox böyük rol oynayır.
Fürsətdən istifadə edib burdan futbolsevərlərə çağırış etmək istəyirəm ki, sabah millimizin seçmə mərhələdə son ev oyununa gəlib komandaya dəstək versinlər, bu sevinci bizimlə birlikdə yaşasınlar.
Amma eyni zamanda aşağı yaş qrupları üzrə milliləri də unutmaq olmaz. Hansı ki, orada vəziyyət heç də ürəkaçan deyil. Bu haqda nə deyə bilərsiz?
- Hal hazırda aşağı yaş qrupları üzrə milli komandalarda da gələcək üçün ciddi işlər görülür. Ümid edirəm ki, qarşıdakı illərdə gördüyümüz bu işlərin bəhrəsi olacaq.
Sizcə, millilərimizin yaxşı nəticə qazanması üçün futbolçularımız mütləq legioner həyatı yaşamalıdır? Yəni, əsas səbəb budur?
- Təbii ki, tək səbəb bu deyil. Ötən illərdə klublarımız çempionatda həvəskar liqa səviyyəsində çıxış edirdilər. Bu ildən etibarən liqamızı daha da peşəkarlaşdırmaq yönündə addımlar atmışıq. Liqaya daha çox klub cəlb etmişik. Məqsədimiz klub çempionatımızın səviyyəsini qaldırmaq, kütləviliyə nail olmaqdır. Əlbəttə, qızlarımızın ölkə xaricində çıxış etmələri, bəzilərinin klublarının heyətində avrokuboklarda oynamaları təcrübə, milliyə xeyir vermək baxımından çox vacibdir.
Hazırda Azərbaycanda qadın futboluna yanaşmada ciddi dəyişiklik var, yoxsa ailələrin çoxu yenə də qızlarının futbolçu olmalarını istəmirlər?
- 10 il bundan qabaqkı ilə müqayisə etsək, yaxşıdır deyə bilərik. Əvvəllər qızları futbola cəlb etmək həqiqətən çox çətin idi. İndi tam rahatlıqla deyə bilərik ki, artıq valideynlər qadın futbolu ilə maraqlanırlar, qızlarını bu idmana qoyurlar. Ümid edirəm ki, milli komandamızın qazandığı indiki nailiyyət futbola gəlmək istəyən qızlar üçün əlavə stimul, motivasiya olacaq.
Qeyd elədiz ki, bu ildən liqanı daha çox peşəkarlaşdırmağa çalışmısız, daha çox klub cəlb etmisiz. Amma geridə qalan turlara nəzər saldıqda dünya futbolunda görünməyən nəticələrin qeydə alındığını müşahidə edirik. Sizcə, belə hesablar həmin komandalarda qarşısına peşəkar futbolçu olmağı hədəf qoyan gənc qızlara psixoloji travma olmaz? Məsələn, sual qeyri-ciddi səslənsə də, federasiya gənclərə stimul baxımından klubların rəhbərlərinə və ya baş məşqçilərinə şifahi tövsiyə verə bilər ki, böyükhesablı nəticələr olmasın?
- Sizin sözünüzə qüvvət, bu hesablar heç ürəkaçan deyil. Buna dair işlər görülür. Və düşünürəm ki, sizin bu sualınızdan sonra klublar buna xüsusi həssaslıqla yanaşacaqlar. Əlavə olaraq qeyd edim ki, bu il həvəskar klublara ilk il olduğu üçün şans verilib. Lakin növbəti mövsüm üçün liqada çıxış edəcək klubların nəticələrini nəzərə alıb mütləq şəkildə dəyişikliklər edəcəyik.
Elvin