Yığmamızın baş məşqçisi Xorvatiya, İsveç və Yunanıstanla yer aldıqları qrupu dəyərləndirib
"İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır".
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən gənc mütəxəssis AVRO-2026-nın püşkatmasını dəyərləndirib.
Borisov 5-ci qrupda mübarizə aparacaqları rəqiblərin tanış komandalar olduğunu bildirib:
“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü. Düzdür, ondan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik.
Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək.
Əlbəttə, hər şey özümüzdən, hazırlığımızdan asılıdır. Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güçlü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güçlü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.
Xatırladaq ki, qitə birinciliyinin final mərhələsi 2026-cı ildə Latviya və Litvada təşkil olunacaq.