"İşimiz çətin olacaq" - Azərbaycan çempionu ÇL püşkünü şərh etdi
“Açığı, rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdur. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var. Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis UEFA Çempionlar Liqasının ilkin mərhələsinin püşkatmasını dəyərləndirib:
"Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidir. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinavlar kimi, İsveçdə də futzal inkişafdadır. Nəzər alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar.
Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcəklər. Ona görə işimiz çətin olacaq.
Bugündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdur. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferlərlə bağlı da məlumat paylaşacağıq”.
Xatırladaq ki, ölkə çempionunun ilkin mərhələdə görüşləri avqustun 20-25-də baş tutacaq.
Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.