Milli komandamız Türkiyə toplanışında: 12 görüş, 8 qələbə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan yığması hazırlığını başa vurub.
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçən komandamız burada Türkiyənin U-18 yığma komandası ilə ümumilikdə 12 görüş keçirib. Millimiz bu oyunlarda 8 qələbə qazanıb.
Komandamızın baş məşqçisi Joanildo Kosta Junior Azərbaycan və təlim-məşq toplanışımdan razı qalıb: “Bakıda çox xoşbəxtəm. Özümü evimdəki kimi hiss edirəm. İnsanlar şən və qonaqpərvərdirlər. Ölkədə təhlükəsiz mühit mövcuddur və bu, bizim hazırlığımızın keyfiyyətinə də əhəmiyyətli dərəcədə töhfə verir”.
Braziliyalı mütəxəssis U-18 yığmamız və 18 yaşadək voleybolçular arasında Avropa çempionatı üçün qarşıya qoyulan hədəflərdən də danışıb: “Təqdirəlayiq haldır ki, Azərbaycanın gənc idmançıları məşqlərə ciddi yanaşırlar. Bu istiqamətdəki irəliləyişi yüksək qiymətləndirirəm. U-18 Avropa çempionatında hədəfimiz yüksəkdir, hər mərhələdə uğurla çıxış edib mümkün qədər irəli getmək üçün çalışacağıq. Prioritetimiz yarışın əsas mərhələsinə vəsiqə qazanmaqdır. Bundan sonra artıq finala qədər oyun-oyun irəliləmək niyyətindəyik”.
Joanildo Kosta Junior Antalyadakı məşqlərlə bağlı da fikirlərini bölüşüb: “Antalyadakı hazırlıq komandamızın texniki, taktiki və fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gündəlik olaraq iki dəfə məşq etdik, həmçinin eyni yaş kateqoriyasından olan Türkiyə voleybolçuları ilə yoxlama oyunları keçirdik. Bütün bunlar bizə çatışmazlıqları və səhvlərimizi müəyyənləşdirməkdə, eləcə də texniki və taktiki hazırlıqlar üzərində daha artıq işləməyimizdə çox kömək olur. Burada çimərlik voleybolu və ümumiyyətlə idmanla peşəkar səviyyədə məşğul olmaq üçün hər bir şərait yaradılmışdır. Düşünürəm ki, Antalya toplantımız ümumilikdə çox uğurlu və səmərəli alındı”.