"Onlar əsl döyüş ruhundadırlar" - Azərbaycan millisinin baş məşqçisi
“Hazırlığımız yaxşı keçir. Bundan sonra daha iki təlim-məşq toplanışımız olacaq. Burada biz funksional, fiziki və taktiki-texniki məşqlərə üstünlük verəcəyik.
Mediasport.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.
Mütəxəssis yığma komandamızın Göygöldə keçirilən təlim-məşq toplanışını dəyərləndirib.
Qazyumov Paris-2024 Yay Olimpiya Oyunları öncəsi lisenziyaçılarda ab-havanın əla olduğunu bildirib:
"Onlar əsl döyüş ruhundadırlar. Hazırlığımız yüksək səviyyədə davam edir. 3-cü təlim-məşq toplanısının sonunda isə xüsusi hazırlıq olacaq. Olimpiadadan əvvəl taktiki-texniki hazırlıq və nəzarət məşqi edəcəyik”.
Xatırladaq ki, təxminən 1 ay sonra start götürəcək olimpiadada sərbəst güləşçilərimizdən 6-sı - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) ümidləri doğrultmağa çalışacaq.