"Əməliyyat olunmalıyam, amma Dünya Kubokuna görə imtina etdim"

"Əməliyyat olunmalıyam, amma Dünya Kubokuna görə imtina etdim"

“Bizim üçün rəqibin kimliyinin çox da fərqi yoxdur. Azərbaycanın yunan-Roma güləşi komandası Avropa çempionu və dünya ikincisidir”.

mediasport.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşi komandamızın üzvü Rafiq Hüseynov deyib.

Dünya və Avropa çempionu Bakıda ilk dəfə keçiriləcək Dünya Kuboku barədə fikirlərini bölüşüb.

- Nə İran, nə Qırğızıstan, nə də Türkiyə komandası bizim qrupdakılardan zəifdirlər. Təbii ki, dünya yığması daha ciddi komandadır, orda seçilmiş idmançılar çıxış edəcəklər. İstənilən halda, biz də elit komandalardan biriyik.

Dünya Kubokundakı hədəfləri haqqında danışan təcrübəli güləşçi məqsədlərini yarışa çıxmamışdan qabaq məşqçilər heyətinin müəyyənləşdirdiyini bildirib: “Amma bir idmançı kimi onu deyə bilirəm ki, qalib gəlmək üçün lazım olan hər şeyi etmişik. Nəticələrimizlə də bunu sübut etməyə çalışacağıq. Yarışa çox pozitiv notlarda hazırlaşmışıq. Düşünürük ki, doğma divarlar da bizə kömək olacaq. Bildiyiniz kimi, uzun zamandır ki, Bakıda belə mötəbər güləş turniri keçirilmir. Ona görə düşünürük ki, bu, bizim üçün əlavə stimul olacaq”.

Olimpiadanın bürünc mükafatçısı uzun zamandır zədədən əziyyət çəkməsi ilə bağlı qeyd edib ki, yarışdan qabaq zədələr haqqında danışmaq istəmir: “Çünki bütün fikrimlə yarışa köklənmişəm. Əgər güləşməyə qərar vermişəmsə, artıq bu zədələrin heç bir mənası qalmır. 82 kq çəki dərəcəsində lider olduğuma görə komandamı tək buraxa bilməzdim. Həkimlər də Dünya çempionatından sonra məsləhət görmüşdülər ki, çiyin nahiyəsindən əməliyyat olunum. İmtina etdim və komandamın yanında olmaq istədim”.

Güləşçi yalnız Dünya Kubokundan sonra əməliyyat haqqında düşünəcəyini vurğulayıb: “Həkimlər demişdilər ki, çiyin nahiyəmdə 9 yırtıq var. Bu isə birbaşa əməliyyat tələb edir. Bu yarışda mütləq iştirak etməliydim. Amma bundan sonra həkimlərin yekun qərarı olacaq. Federasiya tərəfindən Almaniyadakı mütəxəssislərə də müraciət olunub. Onlar da belə məsləhət görüblər. Əməliyyatdan sonra bərpa prosesi hardasa 1,5-2 ay çəkəcək. Düşünürəm ki, bu müddət mənə müsbət təsir edə bilər. Bildiyiniz kimi, Olimpiya Oyunlarından sonra istirahətə vaxt tapmamışam. Ard-arda Avropa və Dünya çempionatları, İslam Oyunları, reytinq yarışları oldu, hər birində iştirak etdim və medalçılar sırasına düşdüm. Bu baxımdan düşünürəm ki, bir müddət kənarda qalıb, yenidən güc toplasam, növbəti turnirlərdə mənim üçün kömək olacaq”.