ABF-də iki yeni vitse-prezident
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun sədrliyi ilə məşqçilər, idmançılar, hakimlər və texniki heyətin iştirakı ilə Ümumi Yığıncaq keçirilib.
Mediasport.az xəbər verir ki, iclasda illik hesabat, 4 ili əhatə edəcək inkişaf strategiyası, ötən ilin maliyyə hesabatı və Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi təsdiq olunub.
Baş katib Ramil Hacıyev 2024-cü ilə dair hesabatla çıxış edərək Azərbaycan Badminton Federasiyasının qarşıdakı 4 ili əhatə edəcək inkişaf strategiyasını və ötən ilin maliyyə hesabatını təqdim edib.
Ardınca milli komandanın baş məşqçisi Morteza Validarvi beynəlxalq turnirlərdə qazanılan uğurlu nəticələrin müqabilində Azərbaycanın reytinq siyahısında irəlilədiyini vurğulayaraq komandamızın müxtəlif yaş qrupları üzrə rəqabətədavamlı heyətinin formalaşdığını bildirib.
Azərbaycan Badminton Federasiyasının marketinq departamentinin rəhbəri Aydan Məmmədhəsənova hakimlik istiqamətinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verərək 2024-cü ildə hakimlərimizin bir sıra beynəlxalq turnirlərə dəvət aldığını vurğulayıb.
İclasda həvəskar badmintonun inkişafı ilə bağlı milli komandanın sabiq üzvü, hazırda məşqçi kimi fəaliyyət göstərən Orxan Qələndərov kütləviliyin artırılması məqsədi ilə bu sahənin inkişafı ilə bağlı görülmüş və görüləcək işlərə dair təqdimatla çıxış edib.
Ardınca idarə heyətinin üzvlüyünə seçkilər keçirilib.
Açıq səsvermədə Kəmalə Şahbazova və Teymur Hüseynov ABF-nin yeni vitse-prezidentləri, Elio Bevilacqua və Ceyhun Məmmədəliyev isə idarə heyətinin yeni üzvləri seçilib.
İnteraktiv şəkildə keçirilən iclasda açıq müzakirə təşkil edilib. Son illərdə badmintonun ölkəmizdə inkişafı istiqamətində kifayət qədər iş görüldüyünü deyən Taleh Ziyadov növbəti 4 il üçün əsas hədəflərdən birinin bu idman növü ilə aktiv məşğul olanların sayının 10000-ə çatdırmaq olduğunu bildirib.