Mingəçevirdə “Kürü keçək?!” adlı açıq suda üzmə yarışı keçiriləcək
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçirəcək.
Mediasport.az xəbər verir ki, Mingəçevir şəhərində, Kür çayında növbəti dəfə təşkil ediləcək turnir peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.
Açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.
Avqustun 31-də Kür çayının iki sahili arasında təşkil ediləcək üzmə yarışında ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Qaliblərə müvafiq diplom, medal və hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.