"Ulduz" futbol akademiyasının açılış olub - FOTOLAR

"Ulduz" futbol akademiyasının açılış olub - FOTOLAR

“Ulduz” Futbol Akademiyasının açılışı olub.

Mediasport.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin ərazisində keçirilən tədbirə gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Elnur Məmmədov, "Ulduz" Futbol Akademiyasının direktoru Mehman Əlimov, təsisçisi Nazim Süleymanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, eyni zamanda, bir çox rəhbər şəxslər və futbol ictimaiyyətinin nümayəndələri qatılıblar.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İlk olaraq çıxış edən Mehman Əlimov akademiya barədə məlumat verib. O, akademiyanın məqsədinin istedadlı uşaqları üzə çıxarmaq olduğunu bildirib: "Azərbaycanın müxtəlif bölgələrindən 800-ə yaxın uşaq sınaqdan keçirilib. Hazırda 4 yaş qrupumuz fəaliyyət göstərir. Onlar 10, 11, 12 və 13 yaşlılardır. Uşaqların təhsillərinə də biganə qala bilməzdik. Uşaqlar 237 saylı orta məktəbdə təhsil alırlar. Ümid edirik ki, tezliklə uşaqlarımızı milli komandalarımızın heyətində görərik".

Ardından fikirlərini bölüşən Fərid Qayıbov akademiyanın nazirlik tərəfindən dəstəkləndiyini bildirib: "Uşaqların eyni məktəbdə oxumalarına şərait yaradıldığı üçün təhsil nazirinə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu uşaqlar gələcəkdə milli komandada çıxış edər, çoxlu qollar vurarlar. Akademiyalarımızın sayının gündən-günə artacağına ümid edirəm".

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında əhəmiyyətli bir iş görüldüyünü söyləyib: "İdmanın inkişafına ölkə Prezidenti tərəfindən daim diqqət yetirilir. Hər bir sahənin gələcəyi onun gənclərindən və uşaqlarından asılıdır. Bugünkü uşaqlar sabah millinin üzvləri olacaqlar. Elm və Təhsil Nazirliyi də onların formalaşması üçün əlindən gələni edəcək".

Daha sonra Sərxan Hacıyev fikirlərini bölüşüb: "Bunu futbol bayramı kimi qeyd etmək olar. Bütün idman növlərinə olduğu kimi, futbola da Gənclər və İdman Nazirliyinin dəstəyi əvəzsizdir. Reallaşan bütün layihələr ancaq futbolun inkişafına təkan verə bilər. Bu cür akademiyalar gələcəkdə də bəhrəsini verəcək. "Ulduz" akademiyasından da ulduz futbolçuların çıxacağına əminəm".

Akademiyanın təsisçisi Nazim Süleymanov qonaqları salamlayaraq, futbolun inkişafı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu cür akademiyalar futbolun inkişafına təkan verir. Ölkəmizdə akademiyaların çox olmasını istərdim. İnanıram ki, bizim akademiyadan ulduz futbolçular üzə çıxacaq, bütün dünyada ölkəmizi uğurla təmsil edəcəklər".

Daha sonra akademiyanın yetirmələrinin bir gününə həsr olunan videoçarx təqdim edilib.

Qeyd edək ki, hazırda "Ulduz" Futbol Akademiyasında 69 lisenziyalı futbolçu məşq edir.