"Neftçi"nin baş məşqçisi: "Açığı, çox danışmağa da dilimiz gəlmir"
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qarabağ" ilə oyundan sonra (0:4) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı öncə görüşlə bağlı fikirlərini bölüşüb:
"Bu gün ölkədə 2 bayram qeyd olunur. Bu münasibətlə hamını təbrik edirəm. Çox təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik".
Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Bəs, Roman Qriqorçuk "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcək?
- Bir neçə dəfə dediklərimi yenə təkrarlayacağam. Məni narahat edən amillərdən ən böyüyü azarkeşlərimizi sevindirə bilməməyimizdir. Ən qısa müddətdə onları sevindirəcəyik. Buna layiqdirlər.
"Neftçi"nin oyun planı nədən ibarət idi və meydan nə alınmadı?
- Ən yaxşı edəcəyimiz məsələ topa sahib olmaq idi. Buna ümid edirdik və daha çox hücumlar etməyə çalışırdıq. İstədiyimiz səviyyədə bunu edə bilmədik. Bu, təkcə bizim günahımız deyil. Müdafiə planında rəqibi daha çox irəlidə sıxmaq istəyirdik, amma alınmadı. Oyunçularla söhbət edəndə də bunu müzakirə etmişdik.
"Neftçi"də işləriniz belə davam edərsə, qarşıdakı hədəfləriniz nə olacaq?
- Əlbəttə, söz verdiyim kimi, istədiyimiz futbolu oynatmaq niyyətindəyik. Açığı, çox danışmağa da dilimiz gəlmir. İstədiyimiz kimi oynayanda rahat danışacağıq.
Komandanın kapitanı məsələsi ilə bağlı nə deyə bilərsiniz?
- Ramil Şeydayev komandanın birinci kapitanıdır. Yuri Matias ikinci, Robert Bauer isə üçüncü kapitandır. Bu, mənim qərarımdır.
"Neftçi"də istədiyiniz oyunu nümayiş etdirmək üçün nə çatışmır?
- Susmağı daha üstün tuturam. İnsanların fikirləri və analizləri müxtəlifdir. Baş verənlərin hamısının təhlili məndə var. Rahat və sakitəm. Hər bir oyunçuma inanıram. Əminliklə deyə bilərəm ki, yaxşı futbol oynayan "Neftçi" görəcəksiniz.
Rəhbərlik bunun üçün sizə vaxt verəcək?
- Öncə onu deyim ki, bu suala cavab verməyim düzgün deyil. Ümumi danışsaq, deyə bilərəm ki, onlarla müzakirələr aparırıq. Futbolu yaxşı bilirlər və başa düşürlər. Bunu rəhbərliklə danışdığımız üçün deyə bilirəm. Onları rahatlıqla anlayıram və dinləyirəm. Bizi yüksək səviyyədə başa düşürlər. Nə etməli olduğumuzu da bilirlər.
Bu oyundakı məğlubiyyətdən sonra istefa verəcəyiniz haqda xəbər yayılmışdı. Məğlubiyyətlər davam edərsə, istefa edəcəksiniz?
- Keçən dəfə aramızda olan söhbətdən sonra mənə işimin peşəkarı olduğumu dedilər. Mən də belə düşünürəm. Ciddi məsələlər haqda danışmaq lazımdır. Dərin düşünürəm və ciddi biriyəm. Başqa məsələlər haqda düşünməyə vaxtım yoxdur. Yalnız bu durumdan çıxmaq barədə düşünürəm.