Tərlan Əhmədovdan ŞOK AÇIQLAMALAR: "Danışsam, gərək, Azərbaycan futbolu dayansın"
Premyer Liqanın 13-cü turu çərçivəsində Bakıda "Qarabağ"a məğlub olan (1:3) "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov oyundan sonra kifayət qədər maraqlı, cəsarətli açıqlamalar verib.
mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matç barədə fikirlərini bölüşüb.
- İstəyirdik ki, müdafiədə kompakt oynayıb "Qarabağ"ı əks-hücumda tutaq. Əks-hücuma çıxa bilmədikdə, mövqe hücumları qurmalıydıq. Birinci hissədə həyəcan daha çox hiss olunurdu. İkinci yarıda qol vurduq. "Qarabağ"ın ikinci qolu isə qırılma nöqtəsi oldu. Həmin epizoda baxacam. Bilmirəm, necə ifadə edim, autsayder komandalara qarşı bir az...Dirsək epizodunda hakimlər deyir ki, təsadüfdü. Onda biz də deyək ki, Zamiq Əliyevin "Neftçi" ilə qırmızı vərəq epizodundakı kəllə anı təsadüf olub. Yorulmuşuq bu söhbətlərə qayıtmaqa. Komandam sona qədər yaxşı mübarizə apardı, qol da vurduq. Səhvlər olmalıdı. İki ayın komandasıdı, çalışıram səviyyəni daha yuxarı qaldırım. Oyunçu çatışmazlığı var və axtarırıq. Çalışdıq ki, əks-hücumda heç olmasa, bir qol vuraq, Bakıdan bir xalla dönək. Hakim səhvlərində bizim də axsamalarımız var. Buraxılan ikinci qola baxılacaq. Düzdü, heç nə qayıdası deyil. Artıq yorulmuşuq, qırmızı vərəqələr, sarı vərəqələr. 12 tur ərzində bir komandaya 26 sarı vərəqə göstərilib. Bizə qarşı nəsə olanda heç bir cəza verilmir. Amma biz nəsə edəndə cəzamız çox sərt olur. Futbolçularıma təşəkkür edirəm. Qarşıda bizi evdə ağır oyun gözləyir və fikrimizi həmin oyuna yönəltməliyik".
"Qarabağ"la oyunla bağlı xüsusi planınız var idi?
- Xeyr, xüsusi plan yox idi. "Qarabağ" oturuşmuş komandadı, uzun illərdir ki, bir yerdədilər. Baş məşqçi də uzun illərdir komandadadır, fəlsəfəsini komandaya yeridib. "Kəpəz" 5 ayın komandasıdı, mən isə iki aydır burdayam. Çalışıram ki, "Kəpəz" inamlı futbol oynasın. Müasir futbola yaxın oynamaq istəyirik. Qışa qədər komandanın təməlini bilməliyəm. Bu gün əks-hücumlarda daha sürətli hücumlar qurulmalıydı. Sərbəst, rahat futbol oynamalıydıq. Öz komandamın gücünə bələd idim. Qurban Qurbanovun rotasiyalar edəcəyini də bilirdim. Komandamın rəqiblərə qarşı fərqli yox, inamlı futbol oynaması üçün çalışıram.
"Qarabağ"a qarşı komandanız normal futbol sərgiləsə də, əhvalınız yaxşı deyil...
- Məğlubiyyət olmalıdı ki, inkişaf edəsən. "Qarabağ"ın gücünə bələdik. Futbolçular məhz belə oyunlarda daha diqqətli olmalıdılar. Çünki hər iki komanda əziyyət çəkir. Onların əziyyəti yerə vurulanda, biz baş məşqçilərə çox təsir edir. Buraxılan ikinci qol "sınma" nöqtəsi idi. Orda Elçin Əlicanovu itələyirdilər, VAR sisteminə baxılmır. Birinci hissədə Giorgi Kantariyanın sifətinə dirsək zərbəsi vurulur, hakim mənə də, futbolçuya da deyir ki, təsadüfdü. Təsadüf nəyə deyilir? Dirsək və açıq əl varsa, bu, təsadüf deyil. Bəzi epizodlar var idi ki, hakim səhvlərinə görə çox əsəbi idim. Həm maliyyə baxımından hamıdan zəifik, həm yeni komandayıq. Çalışırıq ki, nəsə edək. Bu qədər olmaz. "Turan Tovuz"la ilk oyunumda qapımıza ikinci qol vurulmamışdan qabaq ofsayd var idi. Bunu dəfələrlə dedik. Amma VAR sistemi ofsaydda baxmadı, penaltiyə baxdılar. Əgər VAR sistemi varsa, qərarlar ədalətli olsun, heç bir komandanın haqqı yeyilməsin. VAR gələndə dedilər ki, heç bir komandanın haqqı yeyilməyəcək. Görünən odur ki, bəzi hallarda zərbə dəyir. Yeqo Xvalkonu uzun müddətə itirdik. Zədəlilərimiz çoxdu. Bunlar hamısı bizim üçün sıxıntıdı. Üstəlik, belə hadisələr də olanda istər-istəməz əsəblərimizi cilovlaya bilmirik. Artıq keçdi, nəticə də bəllidi.
Böyükağa Hacıyevin məhşur ifadələrindən biri "arının yuvasına çomaq uzatmaq" idi. Hesab 1:1 olanda bu ifadə ağlınızdan keçdi?
- Böyükağa müəllimə Allah rəhmət etsin. Azərbaycan futbolu üçün böyük şəxsiyyət idi. Onun böyük sözləri, atmacaları var idi. Bütün mətbuat, futbol ictimaiyyəti də onun sözlərindən zövq alırdı. Böyükağa Hacıyev artıq keçmişdə qaldı. Bizim arının yuvasına nəsə etmək fikrimiz yox idi, sadəcə, futbolumuzu oynayırdıq. Komandamın qol vurmaq gücünə malik olduğunu da bilirdim. Gözləmirdim ki, "sınma" nöqtəsi belə olsun. Bəzi səhvlər var ki, oyunun nəticəsinə təsir edir.
Rauf Əliyev bildirib ki, "baş məşqçi məni komandadan mənasız yerə qovdu". Bu məsələyə münasibətiniz necədi?
- Həyatda heç kimlə prinsipim yoxdu. Qızıl vaxtımızı boş-boş söhbətlərə sərf etməyək. Qərarı vermişəmsə, vəssalam. Həyatda heç kimlə şəxsi prinsipim yoxdu. İntizam mənim üçün əsas məsələdi. Rauf açıqlama verəndə, özü də deyir ki, özümdən balaca futbolçunun üstünə qışqıra da bilərəm. Artıq öz-özünü ifşa edirsə, qızıl vaxtımızı bu məsələyə ayırmayaq. Boş-boş məsələlərdi. Qərarı vermişəm, söhbətə kim də gəlmək istəyirsə, buyursun, gəlsin. Mətbuat konfransında sırf oyunla bağlı danışaq. Futbolçu özünü ifşa edirsə, bunu müzakirə etməyə dəyməz. Haqqımda nə deyə bilərlərsə, desinlər. Onsuz da illərdir ki, deyiblər, eşitmişəm. Komanda qurmuşam, daha sonra məni nələrlə şərlədiklərini, haqqımda nələr dediklərini bildirsəm, gərək Azərbaycan futbolu dayansın. Tərlan Əhmədov adi insandı, işində tələbkardı. Övladım ola, mümkün deyil ki, intizamı pozsun. Dünən iki köməkçimin kiçik səhvi var idi, onları cəzalandırmışam. Kimsə mənimlə dost ola bilər, amma işdə mənim üçün dost yoxdu.
Amma Rauf əvəzedici heyətdə oynayır, qollarını vurur. Rəhbərliklə verdiyiniz qərarla bağlı söhbətiniz olub?
- Düz deyirsiniz. Bu məsələ ilə bağlı rəhbərliyə və mətbuat katibinə müraciət edə bilərsiz. Açıqlamasını onlar verərlər. 2005-2006-ci illərlə birlikdə oynayan veteran futbolçu penaltidən qollar vurursa, o, mənə lazım deyil.
Nə mənada?
- Əvəzedici heyətlərdə 2005-2006-cı ildən olan uşaqlar oynayır. Rauf Əliyev penaltidən qollar vurur. Akademiyamızın bütün oyunlarına gedib baxıram. Evdə boş-boşuna oturmuram. Neçə dəfə gedib oyununa baxmışam, ən çox penaltidən qol vurur. Elə futbolçu mənə lazım deyil.