Stankoviç: "Turnir cədvəli real vəziyyəti göstərir, "Qarabağ" və "Sabah" hazırda bizdən güclüdür
"Qəbələ"nin yaxşı komanda olduğunu bilirik. Onlarla oyunumuzun çətin olacağını əvvəldən gözləyirdik. Sevinirəm ki, yaratdığımız qol imkanlarından maksimum yararlanıb qələbə qazandıq"
Bu sözləri mediasport.az saytına açıqlamasında "Neftçi"nin müdafiəçisi Voislav Stankoviç deyib.
Təcrübəli serb futbolçu Premyer Liqanın 14-cü turunun "Qəbələ" ilə qarşılaşmasından (2:0) sonra verdiyi açıqlamada komandasının qeyri-sabit çıxışları barədə danışıb:
- Müdafiədə də yaxşı oyun nümayiş etdirdik. Xüsusən qapıçımızın çıxışlarını qeyd etmək istərdim. 3 real epizodda "Qəbələ"nin qol vurmasına imkan vermədi. Deyərdim ki, "Qəbələ" ilə matç bizim günümüz idi. Layiqli qələbə qazandıq. Qeyri-sabit çıxışlarımızın səbəbləri var. Komanda, demək olar, yeni formalaşır. Yeni baş məşqçimiz var və oyun fəlsəfəsi, sistemi fərqlidi. Yeni futbolçuların adaptasiyası üçün zamana ehtiyacımız var. Ümid edirəm ki, tez bir zamanda toparlanıb istədiyimiz stabil oyunu göstərib yaxşı nəticələr qazana biləcəyik.
Stankoviç "Neftçi"nin turnir cədvəlindəki vəziyyəti haqda bu fikirləri səsləndirib: "Turnir cədvəli real vəziyyəti göstərir. Bunu təbii qarşılamaq lazımdır. "Qarabağ" və "Sabah" hazırda bizdən güclüdür. Çempionluq şanslarımızın qalıb-qalmaması barədə danışa bilmərəm, çünki bizimlə "Qarabağ" arasında çox xal fərqi var".