Olimpiya Təsnifat Turniri: 5 qadın güləşçimiz mübarizəyə başlayır
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Bu gün dünya güləşinin əfsanəsi Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) "Paris-2024"ə lisenziya qazanmağa çalışacaq.
Mariya Stadnik 1/4 finaldan çıxış edəcək. 4-qat olimpiya mükafatçısı yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək.
Elnurə Məmmədova ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya) ilə qarşılaşacaq.
Jalə Əliyeva 1/4 finalda Otelye Hoye (Norveç) - Alina Akobya (Ukrayna) görüşünün qalibi ilə üz-üzə gələcək.
Birgül Soltanova təsnifat mərhələsində fransalı Amelin Duarre, Elis Manolova isə bolqarıstanlı Mimi Xristova ilə gücünü sınayacaq.
Xatırladaq ki, dünən yunan-Roma güləşçilərin yarışında Azərbaycanın 4 təmsilçisi - Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ümidləri doğrultmayıb.
Sabah isə estafet sərbəst güləşçilərə keçəcək. 5 pəhləvanımız - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) döyüşə atılacaq.
Yarışda hər çəkidə finala yüksələcək iki güləşçi olimpiadaya yollanmaq imkanı qazanacaq.