FİASKO! 22 güləşçimizdən yalnız 3-ü medal qazana bildi - DÇ-2023
20 yaşadək yunan-Roma güləşçiləri arasında İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatını Azərbaycan millisi 1 gümüş, 1 bürünc medalla başa vurub.
mediasport.az xəbər verir ki, yarışın son günündə İlkin Qurbanov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub.
Təsəlliverici görüşdə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gələn güləşçimiz, həmçinin, gürcüstanlı Anri Xozrevanidze (4:2) və qırğızıstanlı Emirlan Duişenaliyevi (3:1) üstələyərək, mundialın bürünc medalını qazanıb.
1 gün əvvəl Fərid Sadıxlı (55 kq) dünya ikincisi olmuşdu.
Qeyd edək ki, mundial sərbəst güləş üzrə yığmamız üçün də uğursuz başa çatmışdı. Güləşçilərimizdən yalnız Ali Tsokayev (79 kq) bürünc medal qazanıb. Yekunda 45 xal toplayan yığmamız komanda hesabında 9-cu yeri tutub.
Ölkəmizi DÇ-də sərbəst güləş yarışlarında Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Ruslan Abdullayev (57 kq), Musa Ağayev (61 kq), Ramik Heybətov (65 kq), Mircavad Nəbiyev (70 kq), Elxan Qarayev (74 kq), Ali Tsokayev (79 kq), Təbriz Bayramov (86 kq),Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq), qadın güləşində böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Gültəkin Şirinova (53 kq) və Əsmər Cankurtaran (55 kq), yunan-Roma güləşində isə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edib.