“Qarabağ”dan gələn futbolçuları xüsusi vurğulamaq istərdim"
İyunun 17-də Bakıda Azərbaycan yığma komandasının qonağı olacaq futbol üzrə Estoniya millisinin baş məşqçisi Tomas Haberli qarşıdakı oyun haqda fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, 50 yaşlı isveçrəli mütəxəssis AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşmaya hazır olduqlarını deyib.
Çalışdırıcı rəqibdən ehtiyat etdiklərini bildirib: "İlk olaraq Azərbaycanla oynayacağıq. Bilirik ki, Canni De Byazi orada güclü komanda formalaşdırıb. Komandanın əsas üzvləri daxili çempionatda çıxış edən futbolçular olsalar da, yaxşı heyətləri, keyfiyyətli oyunçuları var. Avrokuboklarda əla mövsüm keçirən ölkənin ən yaxşı klubu “Qarabağ”dan gələn futbolçuları xüsusi vurğulamaq istərdim. Ehtiyatlı olmalıyıq, buna baxmayaraq, istənilən vəziyyətə hazırıq”.
Estoniya iyunun 20-də Tallinndə Belçika yığmasını qəbul edəcək.