Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.
Mediasport.az xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssislə 3+1 illik müqavilə bağlanıb.
2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olan məşqçi Azərbaycanda uğur qazanacağına inandığını bildirib:
"İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq. Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə, deməli, AFFA rəhbərliyi mənə inanır. Uzunmüddətli layihə həyata keçiriləcək. İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Böyük turnirlərdə olmaq istəyirik. Başqa təkliflər də var idi, lakin bu layihəyə inandığım üçün Azərbaycan millisini seçdim”.
O, hədəflərinin AVRO-2028-də iştirak etmək olduğunu açıqlayıb: "Gürcüstanın AVRO-2024-də iştirakı bizim üçün motivasiyadır. Qazaxıstan da yaxın idi. 2028-ci ildə Avropa çempionatına vəsiqə qazanmaq üçün hər bir şərait var. Təkcə mənim yox, sizin də dəstəyiniz önəmlidir. Xalqın inamı və dəstəyi lazımdır. Uğur anidən göydən düşmür. Çox təəssüf ki, əvvəlki seçmə mərhələlərdə Azərbaycan səhv edib, alınmayıb. Ümid edirəm ki, bizdə alınacaq. Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır.