"Seçim imkanımız yox idi"
"Doğma meydanda oynayırdıq, başqa seçim imkanımız yox idi. Qrup liderliyi üçün şansımız davam edir. Hətta 50-nin 50-yə olduğunu deyə bilərəm. Qazaxıstanı Bakıda yensək, mübarizə yenidən başlayacaq".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin üzvü Everton Kardoso Bakıda Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit-raund mərhələsinin oyunundan sonra deyib.
"Qallo" Qazaxıstanla qarşıdakı matçın çox suallara aydınlıq gətirəcəyini bildirib: "Sonadək mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Bu komandanın gücü, oyunu haqqında danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bu gün bizi dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik".
E.Kardoso Niderlandı məğlub etməkdən başqa seçimlərinin olmadığını diqqətə çatdırıb: "Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır. Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə, epizodları dəyərləndirə bilmədik. Bu dəfə əksəriyyətini qola çevirməyi bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq".
Qeyd edək ki, futzal yığmamız qrupun ilk oyununda səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub. Komandamız oktyabrda Astanada Qazaxıstan seçməsinin qonağı olacaq.