Sərxan Əliyev də Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.
Mediasport.az xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final döyüşünü qələbə ilə başa vurub.
Dünya çempionatının mükafatçısı mərakeşli Elabidine Amruq Zineni məğlub edib.
Əliyevin qələbəsi iki raundun yekununa əsasən rəsmiləşib, rəqib qaşından zədə alaraq mübarizəni davam etdirə bilməyib.
Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.
Daha əvvəl Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) 1/16 finala yüksəliblər.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.