"Toplanışdan razı qaldım, komandamız yaxşı hazırlıq keçdi”
"Hazırlıq prosesinin sonluğu yaxşı alındı. Son iki matç da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Hesab bizi aldatmalı deyil. İki çox yaxşı komandaya qarşı oynayırdıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avstriya toplanışında “Slaven” (1:0) və “Şəbəb Əl-Əhli”yə (5:2) qarşı keçirilən son iki yoxlama görüşü haqda fikirlərini bölüşüb, hazırlıq prosesini dəyərləndirib:
“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. “Şəbəb Əl-Əhli”nin baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.
Xatırladaq ki, Azərbaycan çempionu Tirol bölgəsində daha əvvəl Almaniyanın "Kayzerslautern" komandasına uduzub (1:3), Çexiyanın "Viktoriya" kollektivinə qalib gəlib (2:1)