"Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq" - Kurban Berdiyev
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Səbail"lə qarşılaşıb (1:0).
Mediasport.az xəbər verir ki, Tovuz klubunun baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:
"Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün mövqeləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. 1-dən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq. Səbəbini axtaracağıq. Bu ya qol buraxmaq qorxusundandır, ya da başqa psixoloji məqamdır".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Fərid Yusifli kobud səhvə yol verdi. Sizcə, Premyer Liqada oynayan futbolçu belə səhvə yol verə bilər?
- Narazılığım Fəridə yox, Şəhriyara idi. Şəhriyar həmin məqamda ona ötürmə verməli deyildi. Fərid də daha rahat oyunamalı idi.
"Turan Tovuz"un tarixində ilk dəfə milliyə oyunçular dəvət olundu. Buna münasibətiniz necədir?
- İlk dəfə olduğunu bilmirdim. Xoş hislər keçirirəm ki, həm gənc komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunub.
Sizin üçün nəticə önəmlidir, yoxsa baxımlı futbol? "Turan Tovuz"un baxımlı futbol oynadığını düşünürsünüz?
- İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki azarkeşlər bundan zövq alırlar.
Bura gələndə inanırdınız ki, 5 turdan sonra qol buraxmadan lider olacaqsınız?
- Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulra təşəkkür edirəm. Onların sayəsində bu nəticələr əldə olunur.
Milli fasilə komandanı tonusdan sala bilər?
- Yox. İstənilən halda, fasilə lazımdır. Bu bizə vaxt verəcək ki, səhvlərimizin üzərində işləyək.
Transfer gözlənilir?
- Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın.