"Turan Tovuz"un MŞ sədri Ehtiram Quliyev: "Hələ digər hədəflərə hazır deyilik"
“Huner Group”un təsisçisi, “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev mətbuat konfransı keçirib.
Mediasport.az xəbər verir ki, Tovuz klubunun rəhbəri jurnalistlərin suallarını cavablandırıb.
Bu vaxta qədər klubun sponsoru idiniz, artıq İdarə Heyətinin rəhbərisiz. Rəhbər olaraq işlərə nədən başlamağı düşünürsüz?
– İdarə heyətinin sədri olaraq onu demək istəyirəm ki, əskiklərimiz həddindən artıq çoxdur. Baxmayaraq ki, biz ötən ilin ikinci dövrəsindən sponsor olmağa başladıq. Tərəfdarlarımız üzülməsin, bir açıqlama verəcəm, bilirəm, azarkeşlər həmişə qələbə istəyir, hədəfləri böyükdür. Bu il bizim məqsədimiz Premyer Liqada qalmaqdır. Hələ komanda olaraq digər hədəflərə hazır deyilik. Oyunçularımızın performansını ölçən Katapult sistemini biz yeni almışıq, analitik məşqçimiz yoxdur, fiziki hazırlıq üzrə məşqçimiz yeni gəlib. İşıq məsələsini bilirsiniz, süni örtükdə oynamaq çox çətindir. Keçənilki nəticələrimizi məndən yaxşı təhlil etmisiniz. Ev oyunlarındakı nəticələrə görə turnir cədvəlində sonuncu yerlərdəyik. Səfər xallarımız daha yüksək idi. Bunun əsas səbəbi süni ot örtüyüdür. Bu səbəbdən yaxşı oyunçular cəlb etmək olmur. Azarkeşlər bizdən transferlər istəyir. Dəvət göndəririk, keyfiyyətli oyunçular bu səbəblərdən “Turan Tovuz”a gəlmir. Bizim futbolçular da keyfiyyətlidir. Onları çox sevirik, komanda olaraq arxalarındayıq. Süni örtüyün dəyişdirilməsi ilə bağlı danışıqlarımız davam edir, AFFA-ya müraciət etmişik. 50 faizini AFFA kömək edə bilər. Bu, çox vacib amildir. Buradan başlamaq lazımdır. Bizim sizinlə görüşümüz oyunun nəticəsinə görə deyil. Bu əvvəlcədən planlaşdırılmışdı. Bəhanələr axtarmağı sevmirik. Amma hadisələrə real baxmaq lazımdır. Bizim akademiya binamız yetərsizdir. Ərzaq məhsullarını yığmaq üçün anbarımız yoxdur. Anbar sistemi qururuq. Bunların hamısı maliyyə itkilərinə səbəb olur. Gündəlik ərzaq almaq məcburiyyətindəyik. Fizioterapiya alətlərindən əskiklərimiz var. Hədəf üçün bu il komandanı iki illik transferlər əsasında qurmuşuq. Gələn il hədəf haqqında müzakirələr aparmaq olar. Təbii ki, mən də bir azarkeş olaraq ən yaxşısını istəyərəm. Amma baş məşqçinin, oyunçuların qarşısında xüsusi bir məqsəd qoymamışıq. Elan verdik, 5 nəfər universiteti yeni bitirmiş, xarici dil bilən gənci işə cəlb edəcəyik. Xarici dil səviyyəmiz çox aşağıdır. Qonaqlar gələndə çətinlik çəkirik. Həmin gənclərin hansı funksiyada olacağını zaman göstərəcək. Günün birində onlar bu gün komandada aparıcı yer tutan şəxsləri əvəz edəcək. Biz təkcə bu gün haqqında düşünmürük, 10 il sonranı hesablayırıq. Ola bilər ki, həmin vaxt biz burada olmayaq. Bizim hədəf və planlarımız on illikdir.
10 ildən sonra “Turan Tovuz”u harada görmək istəyirsiz, strateji hədəfiniz nədir?
– Strateji hədəfimiz öz oyunçularını yetişdirə bilən, bölgənin gənclərinin hesabına daim liderliyə oynayan, avrokuboklarda sözünü deyən bir klubun yaradılmasıdır. Məsələnin həlli çox sadədir. Bu gün Azərbaycan futbolunun ən böyük problemi süni ot örtüyüdür. 16 yaşlı uşaq meniks əməliyyatı olur. Köklü dəyişiklik lazımdır. Uşaq futbolu təbii ot örtüyünə keçirilməlidir. İstedadlı oyunçularımız var. Burada yetişirlər, amma süni ot örtüyünə görə bir yerə qədər oynayırlar, sonra zədələnirlər. Dünya bu təcrübəni keçib, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur, Xristofor Kolumb oranı bir dəfə kəşf edib. On ildən sonra biz və bizdən sonra gələcək rəhbərliyə bayrağı bu problemləri həll edib təhvil verməyi düşünürük.
Ot örtüyünü nə vaxt dəyişməyi planlaşdırırsınız?
– AFFA-ya müraciət etmişik, danışıqlarımız gedir. Bunun üçün böyük vəsait tələb olunur. Köklü dəyişikliklər aparırıq. Çəkiliş meydançası, işıq dirəklərini, hamısını sponsor, daxili vəsait, hesabına həll edirik. Kimsədən bir qəpik yardım almamışıq. Yeni akademiya binası inşa edirik. Bu da dövlətə hədiyyə olunacaq, sponsor hesabına inşa olunur. Eyni zamanda transferlər, bunlar hamısı maddi yüklərdir. Buna görə də ot örtüyünün dəyişdirilməsi prosesinin 50 faizinə dəstək olmaq müraciət etmişik.
Sponsor yatırım edirsə, nə vaxtsa bunun qarşılığını görmək istəyir. 10 il sonra futbolçu satışından gəlir əldə etməyi düşünürsüz?
– Çox istəyərdik. Amma Azərbaycan futbolunun reallıqları var. Bu gün buna imkan yoxdur. Şirkətlər futbola yatırım etmir, ticari yanaşa bilmirik. Bizim bu bölgəyə və kluba könül bağımız var. Sadəcə bu yanaşmalarla gəlmişik. Bu işin başqa yolu yoxdur. İnkişaf üçün şirkətlər gəlməlidir. İnkişaf üçün futbol komandaları QHT olaraq yox, futbol şirkətləri kimi formalaşmalıdır. Burada daxili və xarici investorlar iştirak etməlidir.Biz sadəcə bölgəyə, futbola olan sevgimizə görə bu işə girmişik. Amma digər şirkətlər belə düşünmürlər. Zamanla bu da olacaq. Amma biz bunu görəcəyik, ya yox, deyə bilmərəm.
Dövlət hansı addımları atsa, iş adamları futbola yatırım edər?
– Dövlət əslində çox ciddi islahat aparır. İstər dövlət proqramının olması, istər bayaq vurğuladığım məsələlər, akademiya binası üçün ciddi investisiya yatırılıb. Güzəştlər mövzusunda müzakirələr gedir. Bunlar asan məsələlər deyil. Vergi güzəştlərinin olması, sponsorlara imtiyazların verilməsi o qədər də asan deyil. Amma bildiyimə görə, belə bir çalışmalar gedir. Güzəştlərin limitinin, həcminin artırılması və futbol komandalarının QHT yox, şirkət olaraq formalaşmasında islahatlar aparmaq lazımdır. Vergi ilə bağlı güzəşt olsa, bizim üçün böyük avantaj olacaq. Amma güzəşt məsələsində də ədalətli olmaq lazımdır. Böyük həcmdə olsa, şirkətlər bunu istismar edə bilər. Bu, bir qədər həssas mövzudur.
Niyə analitik məşqçiniz yoxdur?
– İlkin müraciətlərimiz olub. Klubu təhvil alanda çox çətinliyimiz var idi. O mərhələdən analitik məşqçini tapana qədər çox yol keçmişik. Akademiyanın forma, texniki ləvazimat problemləri var idi. Akademiyamız olsa da, “obşijitel” kimidir, ora hansı ulduz oyunçunu gətirə bilərəm?! Bir otaqda beş nəfər olaraq kim qalar?
Komandanın bu mövsümdən Bakıda məskunlaşacağı bildirilir…
– Bakıda məskunlaşmamışıq. Bölgəmizi sevən komandayıq. Sadəcə, stadionda aparılan tikinti işləri məşqlərə maneə törədirdi. Buna görə oyunlarımızın yerinin dəyişdirilməsini xahiş etdik. Bu səbəbdən Bakıda daha çox olduq.
Bir il əvvəl “Turan Tovuz” və Futbolun İnkişaf Fondu kluba avtobus almaq üçün “Turan 100k” layihəsi başlatdı. Həmin vaxt bildirilmişdi ki, stadionda klubun avtobusunun üzərində piksel alan şəxslərin şəkilləri əks olunacaq. Amma hələ də şəkillər yoxdur. Bu məsələ nə vaxt həll olunacaq?
– Futbolun İnkişaf Fondu bu mövzuda işləyir. FİF bizə çox ciddi dəstək oldu. Bildiyim qədərilə yaxın günlərdə bu məsələ həll olunacaq.
Fikirlərinizdən belə başa düşdük ki, bir az inamsızlığınız var. Bu yaxınlarda tender elan edərək şirkətlərə müraciət etmişdiniz. Bu çağırışınıza qoşulan olmadı?
– Heç bir maraq olmadı. Bildirdik ki, bizim ayırdığımızın 10 faizini ayıraraq sizin də adınız bizimlə bərabər hallana bilər. Paxıllıq etmədik. Gələn kimi stadiona öz adımızı vermədik. Axırda məcbur olub həmin paketi də özümüz satın alacağıq. Çox cüzi güzəştlərlə bir neçə paket hazırladıq və ictimaiyyətə müraciət etdik. Bir çox klublar bu yolu seçmirlər. Əsas şirkətlə yanaşı, başqa şirkət pul qoyur, amma əsas şirkət deyir ki, niyə mənimlə yanaşı başqa şirkətin adı hallansın? Biz isə elə düşünmədik. Dedik ki, bu ənənənin yaranması üçün çalışırıq, istəyirik. Gözlədik, müraciət edən heç bir şirkət olmadı. Bizim müraciət etdiyimiz bəzi şirkətlər var, danışıqlar gedir.
Sponsor marağının az olması klubun bölgədə yerləşməsi ilə bağlı ola bilər?
– Düşünmürəm. Biz bu proseslərin təbii olmasının tərəfdarıyıq. Sahibkar dostlarımız var, rica edərik, gələrlər. Biz istəyirik bunlar təbii alınsın, könüllülük prinsipi ilə olsun. Onun da marağı olsun bu mövzuda. Kim istəməz ki, şirkətin adı stadiona verilsin? Biz elə düşündük. Azərbaycan standartlarının altında bir paketlər təklif etdik. Beş min manatlıq belə paket var idi. Olmadı. Ümid edirəm ki, zamanla bunlar da dəyişəcək. Hazırda sponsorumuz var, amma sponsorsuz klublarımız da var. Zamanla onların da sponsorla təmin olunması sağlam rəqabətin olması üçün ən böyük diləyimizdir. Eyni zamanda bunun markaya bir qatqısı var. Şirkətlərlə adımızın hallanması, reklam imkanları və s.
Sanki adınızın çox hallanmasının tərəfdarı deyilsiniz. Stadionda da “Huner Group”un reklam banerlərinin sayı azdır. bunun səbəbi nədir?
– Planlıdır. Bannerlər düzməmişik ki, yerimiz boşdur, reklam vermək istəyənlər gəlsin. Elə görüntü yaranmasın ki, sponsor ancaq özünü düşünür. Qapıları taybatay açmışıq, gözləyirik. Bu mövzu ətrafında çalışmalarımız gedir. Ümid edirik xüsusən qərb bölgəsindən olan sahibkarların diqqətini, marağını cəlb edəcəyik. Çünki, bu işlər bir mənbədən qidalanmaqla olmur
Tovuzdan olan mənbələr birdirir ki, yeni baza üçün ərazi axtarılır. Bu, nə dərəcədə həqiqət uyğundur?
– Ərazi axtarırıq, yerlərə baxırıq, danışıqlar gedir. Bu gün ehtiyat meydançamız yoxdur. Stadionda növbəyə dururuq. Akademiyanın bütün yaş qrupları, əvəzedicilər hamısı bir meydançada məşq edir. Məşqlər vaxtla keçirilir. Axşam işıqlandırma yoxdur. Gündüz saatlarında bu istidə məşq etmək mümkün deyil. Bizə uşaq futbolunun inkişafı üçün meydançalar lazımdır. Bunun üçün də yerimiz yoxdur. Hazırda edəcək bir şey yoxdur. Fəlsəfi olaraq şikayətlənən insan deyilik, sadəcə real mənzərəni çatdırırıq. Bunu ölkə futbolu üçün etmək lazımdır.
Premyer Liqa ilə bağlı hədəflərinizi dediniz. Bəs ölkə kuboku?
– Kubok bizim üçün hər zaman önəmlidir. Bütün klublar üçün vacibdir. Bu il UEFA-da reqlament dəyişikliyindən sonra hər kəs bunu hədəfləyir. Çünki, kuboku qazanan komanda Avropa Liqasına gdəcək. Biz də bir titul almaq istəyirik. Bu yolda sonadək mübarizə aparacağıq. Kubok həvəsimiz və marağımız qalmaqdadır. Ən azından kubokda keçənilki nəticənin təkrarlanmasını istəyirik.