Azərbaycan millisinin baş məşqçisi: "Bizdə potensial var"

Azərbaycan millisinin baş məşqçisi: "Bizdə potensial var"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində iştirakını başa vurub.

Mediasport.az xəbər verir ki, yalnız bir matçda heç-heçə edən yığmamız 1 xalla qrup sonuncusu olub.

Komandanın baş məşqçisi Elxan Abdullayev futbolçularını çıxışını dəyərləndirib:

“Komandamız Moldova ilə matçda qələbəyə layiq oldu. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq.

O ki qaldı komandamın turnirdəki ümumi çıxışına, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Xatırladaq ki, yığmamız İslandiya (0:2) və İrlandiyaya (0:4) məğlub olub, Moldova ilə (2:2) bərabərə qalıb.