"Yaratdığın imkandan istifadə etməsən, sənin torunu silkələyəcəklər"
"Düzdür, işimiz çətin olacaq, amma şansımız davam edir. Qarşıdakı hər iki oyunda qələbə qazansaq, qrup lideri olmaq imkanımız yaranacaq. Bunun üçün həm də “Örebro”nun büdrəməsi lazımdır. Hər iki oyunda qələbə qazanmaq üçün gücümüz və potensialımız var. Çətin olacaq, amma sona qədər mübarizə aparacağıq”.
mediasport.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində İsveçin "Örebro" klubuna məğlubiyyətdən sonra "Araz-Naxçıvan"ın futzalçısı Vitao deyib.
Oyuna yaxşı başladıqlarını deyən braziliyalı futzalçı qrup lideri olmaq şanslarının qaldığını bildirib:
- Nəzarət bizdə idi, topla daha çox oynayan tərəf bizim futzalçılar idi. Amma cərimələri çox etdik və nəticədə birinci hissədə rəqibin 10 metrlik zərbə vurmasına şərait yaratdıq. Onlar da dəqiq oynadılar. Bu qoldan sonra bir qədər çaşqınlıq yaşadıq, oyun keyfiyyəti aşağı düşdü. Fasilədən sonra da səhvlərdən qaça bilmədik. Bizim də fərqlənmək üçün şanslarımız az olmadı, təəssüf ki, realizə edə bilmədik. Futzalın öz qanunları var: yaratdığın imkandan istifadə etməlisən, yoxsa, sənin torunu silkələyəcəklər.