"Rahat çempion olsalar da, ÇL-də uğur qazanmaq üçün güclənməlidirlər"
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023-cü illər mövsümünə yekun vurulub. 16-qat Azərbaycan çempionu "Araz-Naxçıvan" final qarşılaşmasında "Neftçi"ni məğlub edərək (4:1) tarixində 17-ci dəfə ölkə birinciliyinin qızıl medallarını qazanıb.
Üçüncü yer uğrunda qarşılaşmada isə Teymur Eyvazovun rəhbərlik etdiyi "Baku Fire" "Rekord"un qapısından 23 top keçirməklə bürünc medallara yiyələnib.
Mövsümün yekunları barədə mediasport.az saytına açıqlama verən Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov çempionatın əsasən ilk yarıda qaydasında getdiyini deyib.
Qurum rəsmisi bildirib ki, mövsümün ikinci yarısında bəzi klublarda legionerlərlə bağlı problemlər yarandığından rəqabət bir qədər azalıb. Məmmədov mövsümü ümumən uğurlu sayıb:
- Mövsüm pis başlamamışdı, ən azı 4 iddialı komanda var idi. Təbii ki, millinin bazası hesab edilən “Araz-Naxçıvan” digərlərindən bir addım öndə olacağı əvvəldən proqnozlaşdırılırdı. Amma Naxçıvan klubunun əsas favorit olmasına baxmayaraq, “Neftçi” İK, “Baku Fire” və əsasən irandan olan legionerlərdən təşkil edilmiş “Record club”un ciddi müqavimət göstərəcəyi gözlənilirdi. “Alyans” da ilk turlarda pis təsir bağışlamırdı. Yeganə aşkar autsayder U-19 idi ki, bu da başa düşülən idi. Çünki bu komanda cəmi 1 ay əvvəl yığılmışdı və onların Yüksək Liqada iştirakında məqsəd həmyaşıdları arasında keçiriləcək Avropa çempionatının oyunlarına qədər təcrübə toplamaq idi.
M.Məmmədovun sözlərinə görə, əsas problem mövsümün ikinci dövrəsində yarandı: “Qış fasiləsinə qədər hadisələr gözlədiyimiz kimi cərəyan etsə də, mövsümün ikinci yarısından etibarən “Record club” və “Alyans”ın legionerlərinin ölkəmizi tərk etməsi xüsusilə “Record club”un zəifləməsinə səbəb oldu. Nəticədə böyük fərqli hesablar qeydə alındı. Lakin pley-off oyunları, bir qədər də konkretləşdirsək, “Baku Fire” və “Neftçi” duelləri çempionata əlavə gərginlik qatdı. Bu etapda hər iki klub, əsasən “Baku Fire” daha çox legioner transfer etdiyindən onlar finala əsas namizəd sayılırdılar. Təsadüfi deyil ki, seriyada da ilk qələbəni “Baku Fire” qazanmışdı. Ancaq “Neftçi” sonrakı oyunları qazanmaqla proqnozları alt-üst etdi”.
Mətbuat katibi “Araz-Naxçıvan”ın finala qədər daha rahat yol qət etdiyini söyləyib: “Həlledici oyunda da yenə ustalıq və oyunçuların keyfiyyət fərqi nəticədə öz əksini tapdı. “Araz-Naxçıvan” aşkar üstünlüklə çempion olsa da, UEFA Çempionlar Liqasında uğur qazanmaq üçün mütləq güclənməyə ehtiyac var. Sevindirici məqam “Neftçi” İK və “Baku Fire”in müəyyən qədər intriqa yaratması oldu. Həm də U-19-un üzvlərinin mövsümün əvvəli ilə müqayisədə kifayət qədər irəliyə addım atması sevindirici məqamdır. Doğrudur, onların AÇ-dəki çıxışı uğursuz alındı, ancaq futzalla cəmi 8-9 ay əvvəl tanış olmuş yeniyetmələrdən bundan artığını gözləmək mümkün deyildi. Ümid edirəm ki, yeni mövsümdə U-19-un bir neçə üzvünü digər klublarımızın heyətində görəcəyik. Çünki ötənilki U-19-da bunun şahidi olduq. Həmin komandanın 3 üzvü – Xəzər Ağalızadə, Novruz Kazıxanov və Azər Fərmanov “Araz-Naxçıvan”da , 3 üzvü - Mirzə Əmirov, Məhəmməd Abbasov və Zaur Sultanov “Neftçi”də, Nurlan Məmmədov “Baku Fire”də, bir neçə oyunçusu isə “Record club” və “Alyans”ın formasını geyindi”.
Federasiya rəsmisi qarşıdakı mövsümdə klub sayının çoxalmasının tərəfdarı olduqlarını deyib. Lakin indidən konkret fikir bildirməkdən ehtiyatlanıb:
- Təbii, biz də istərdik ki, Yüksək Liqada iştirakçı komandaların sayı çox olsun, xüsusilə futbol klubları öz komandaları ilə futzalda da təmsil olunsun. O zaman rəqabət artacaq, çempionat oyunları maraqlı keçəcək, komandalarımız daha dayanıqlı, sabit olacaq. Artıq ilk “cücərtilər” var. “Şamaxı” komandası Birinci Liqada iştirak edir və mayın 18-də keçiriləcək final oyununda MUM-la qarşılaşacaq. Digər klubların da bu axına qoşulacağına inanırıq”.