Zabit Səmədov: "Qurban Qurbanov həm şəxsiyyət, həm də peşəkar məşqçi kimi buna layiq insandır"
Xəbər verdiyimiz kimi, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimi keçirilib.
Nizami Kino Mərkəzində baş tutan tədbirdə iştirak edən tanınmışlardan K-1 döyüşü üzrə dünya çempionu Zabit Səmədov təəssüratlarını Mediasport.az saytı ilə bölüşüb.
Filmi bəyəndiyini deyən dünyaşöhrətli idmançı Qurban Qurbanovun belə təqdimata layiq olduğunu bildirib:
"Gözəl tədbir keçirildi. İdman camiəsində olan dostlarımızı, qardaşlarımızı gördük. Hamımız Qurban Qurbanovun başına yığışmışdıq. O, həm şəxsiyyət, həm də peşəkar məşqçi-müəllim kimi buna layiq insandır. Dövlət rəhbərliyi sağ olsun ki, Qurban Qurbanov üçün belə film çəkdirib. Onun uşaqlığını, həyat yolunu, başına gələn maraqlı hadisələri qısa da olsa, gördük. Filmi çox bəyəndim".
Səmədov "Qarabağ"ın oyunlarını izlədiyini vurğulayıb:
"Əvvəlki kimi, yenə də vaxtım olduqca izləyirəm, stadiona gedib komandanı dəstəkləyirəm. Bəzən Bakıda olmadığım üçün oyunlarında iştirak edə bilmirəm. UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu həftə "Molde" ilə çətin oyuna çıxacaqlarını və matçın nə qədər vacib olduğunu bilirəm. Qalib gəlsək, demək olar ki, qrup ikinciliyini təmin edib növbəti mərhələyə çıxacağıq. Təbii ki, "Qarabağ"a azarkeşlik edəcəyik, inanırıq".
Məşqçi işləyən peşəkar kikboksçu artıq karyerasını bərpa etməyin mümkünsüz olduğunu da etiraf edib:
"Bir müddət belə fikrim var idi. Bəzi təkliflər də olmuşdu. Lakin bundan sonra dönüşüm çətin alınar".