Dünya çempionu Lionel Messi və Argentina xalqından üzr istədi
Boks üzrə mütləq Dünya çempionu Saul Alvares Argentina millisinin kapitanı Lionel Messinin ünvanına dediyi sözlərə görə peşman olub.
mediasport.az xəbər verir ki, 32 yaşlı idmançı sosial şəbəkə hesabında paylaşım edərək ulduz futbolçudan üzr istəyib.
Alvares bildirib ki, ölkəsini çox sevdiyi üçün özündə olmayıb və lazımsız sözlər işlədib: "Buna görə də Messi və Argentina xalqından üzr istəyirəm. Hər gün yeni bir şey öyrənirik, bu dəfə növbə məndə idi".
Messinin DÇ-2022-də Meksika yığması ilə oyundan (2:0) sonra rəqib futbolçulardan biri ilə dəyişdiyi formanı paltardəyişmə otağında yerə ataraq, daha sonra onu təpiklə vurmasını əks etdirən video yayılmışdı. Görüntülərdən qəzəblənən boksçu futbolçunu təhdid edərək onunla qarşılaşmamaq üçün Tanrıya dua etməli olduğunu qeyd etmişdi.