AVF TVF-lə əməkdaşlıq çərçivəsində sənəd imzalayacaq
Bakıda qonaq olan Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ AVF-nin mətbuat konfransında çıxış edib.
Mediasport.az xəbər verir ki, funksioner Azərbaycana hər zaman hər mövzuda dəstək olmağa hazır olduqlarını, bu istiqamətdə birgə fəaliyyət üçün işlər görüləcəyini və əməkdaşlıq çərçivəsində sənəd imzalanacağını vurğulayıb.
A.Üstündağ Azərbaycanın dünya voleyboluna çox şey qatdığını və bundan sonra da qatacağını deyib.
Qeyd edib ki, azərbaycanlı təcrübəli mütəxəssis, AVF-nin vitse-prezidenti Faiq Qarayevin Türkiyə voleybolunun inkişafında müstəsna xidmətləri var və Türkiyə klubları avrokuboklara ilk dəfə məhz onun rəhbərliyi ilə qatılıblar.
Tədbirin və çempionatın açılış mərasiminin bu səviyyədə təşkilindən qürur duyduğunu deyən qonaq bundan sonra hər mövzuda AVF-yə dəstək olacaqlarını da əlavə edib. Voleybolun inkişafı naminə həmişə birgə çalışmağa hazır olduqlarını bildirən A.Üstündağ hamıya uğurlar arzulayıb.